Mədəniyyət və Turizm Nazirliyi mütəmadi olaraq regionlarda mədəni həyatın canlandırılması, mədəniyyətin müxtəlif sahələrinə marağın artırılması, bölgələrlə mədəni əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə mədəniyyət və incəsənət xadimlərinin görüşlərini təşkil edir. 
   
   Bu silsilədən növbəti tədbir mayın 18-də Şamaxı şəhərində gerçəkləşdi. Şamaxı şəhər Mədəniyyət evində “Azərbaycanfilm” kinostudiyası və “Butafilm” prodüser mərkəzinin istehsalı olan “Buta” bədii filminin təqdimatı keçirildi.
   Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin təbliği və qeydə alınması sektorunun böyük məsləhətçisi Almaz Sultanzadə, aparıcı məsləhətçi Rafael İmanov, “Azərbaycanfilm” kinostudiyasının direktor müavini Azər Quliyev, “Butafilm” prodüser mərkəzinin direktoru və “Buta” bədii filminin rejissoru İlqar Nəcəf, Xalq artisti Rafiq Əzimov, aktyorlar Tofiq Əliyev, Ləman Nəbiyeva, filmin quruluşçu rəssamı Əziz Məmmədov, ikinci rejissor Çingiz Həsənov, prodüser Tərlan Babayev iştirak ediblər.
   Yüzlərlə tamaşaçının iştirak etdiyi tədbiri Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Əşrəf Şükürov açaraq qonaqları salamlayıb, “Buta” filminin Şamaxıda nümayişinin əhəmiyyətini vurğulayıb. Daha sonra çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin təmsilçisi Almaz Sultanzadə son illər çəkilən ekran əsərlərindən söz açaraq, “Buta” filminin yaradıcı heyətini təqdim edib. Qeyd olunub ki, filmin əsas çəkilişləri Şamaxının Zarat kəndində aparıldığından epizodlarda yerli əhali də iştirak edib. Təbii ki, filmin nümayişinə şamaxılı tamaşaçıların böyük maraq göstərməsi həm də bununla əlaqədardır. Filmdə nənə rolunu ifa edən Zarat kəndinin sakini Kimya Daşdıyevanın çıxışı da maraqla qarşılanıb.
   Janr etibarilə film-pritça olan “Buta” filmi rəvayət xarakterlidir. Filmdəki zaman və məkan anlayışı şərtidir. Mənəvi cəhətdən əzab və sarsıntı içərisində olan bir adamı necə xilas etmək olar? Filmdə bütün bunlar təfərrüatı ilə açıqlanıb. Əsrarəngiz təbiət gözəlliklərinin ekranda təsviri və fəlsəfi fikirlərin ifadəsi ilə fərqlənən film tamaşaçı diqqətini özünə cəlb edir. Bu görüntülər, sözlər birbaşa “Buta”nın personajlarının daxili psixoloji vəziyyətinin, bir-birilərinə münasibətlərinin nəticəsidir.
   Filmdə təbiətlə insanlar sanki birləşir. Nəhəng bir şəhərdən sabun istehsal edən böyük bir şirkətin meneceri uzaq bir dağ kəndinə yola düşür. Elə bir kənd ki, burada insanlar qablaşdırılmış, etiketləşdirilmiş sabun görməyiblər. Menecerlə Qönçə bir-birilərini sevirlər. Böyük bir şəhərdən, sanki kosmosdan gəlmiş bu adam get-gedə həmin kəndin insanlarına, landşaftına öyrəşməyə başlayır. Çünki kənddə bütün hadisələrin hamısı muncuq kimi bir-birinin ardınca düzülüb. Bu muncuq da əslində xalçadır. Bütün hadisələr xalça üzərində həkk olunan butadan keçir. Filmdə nənə və 17 yaşlı Qönçə də öz xalçasını toxuyur. Xalça toxuyan iki fərqli adamın dialoqlarından da belə başa düşülür ki, xalça cansız bir şey deyil. Əslində o toxunan zamanda da yaşayır, toxunandan sonra da.
   “Buta” filmi həm də ölkəmizin milli-mənəvi dəyərlərini, tarixini beynəlxalq festivallarda əcnəbi tamaşaçıya ifadə edə biləcək filmdir. Qeyd edək ki, “Buta” rejissor İlqar Nəcəfin ilk tammetrajlı filmidir. Filmin ssenari müəllifləri İlqar Nəcəf və Ramiz Fətəliyev, quruluşçu operatoru Georgi Beridze, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı Cavanşir Quliyevdir.
   İlqar Nəcəf Şamaxıda “Buta”nın nümayişi zamanı tamaşaçı marağının yüksək olduğunu qeyd edərək görüşdən böyük zövq aldığını söylədi: “Buta” filminin ilk premyerası Bakıda keçirilsə də, Şamaxıdakı nümayişdə tamaşaçının emosional reaksiyasını daha çox hiss etdim. Ola bilsin bunun psixoloji tərəfləri də var. Filmdəki doğma məkan, tanış simalar və s. şamaxılıların diqqətindən yayınmadı. Filmin Şamaxıda təqdimatının yüksək səviyyədə təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürümü bildirirəm. Düşünürəm ki, filmlərimizin bölgələrdə məhz bu şəkildə nümayişi vacibdir. Cəmiyyət sənət adamlarını, yaradıcı insanları yaxından tanımalı və onlarla canlı ünsiyyətdə olmalıdır”.
   Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin təbliği və qeydə alınması sektorunun böyük məsləhətçisi Almaz Sultanzadənin sözlərinə görə, bu silsilədən növbəti tədbir “Aktrisa” filminin Gəncə şəhərində nümayişi olacaq.
   
   Yeganə Cansail







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar