İyunun 16-da Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz Gəncə şəhərində kitabsevərlər və gənc yazıçılarla "Sözün gücü" mövzusunda görüş keçirib.
Tədbir müasir informasiya bolluğu dövründə gənclərin kitaba, mütaliəyə marağının artırılması, habelə kitabxanalara oxucuların cəlb edilməsi məqsədilə təşkil edilib. Məhsəti Gəncəvi Mərkəzində baş tutan tədbirdə Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin nümayəndəsi Bəxtiyar Muradov, şair və yazıçılar, gənc mədəniyyət işçiləri iştirak ediblər.
Yazıçılar Birliyi Gəncə bölməsinin sədri Xəzəngül Hüseynova gənc yazıçı və şairlər arasında debatların təşkil olunmasından danışaraq belə tədbirlərin əhəmiyyətini vurğulayıb.
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev tədbirdə çıxış edərək qeyd edib ki, müxtəlif tendensiyalar nəticəsində kitabxanalar real və potensial oxucularını itirib. Amma son vaxtlar bu sahədə əhəmiyyətli dönüş hiss olunur, kitabxana işinin müasirləşdirilməsi prosesi ardıcıl şəkildə həyata keçirilir. Regionlarda kitabxanaların yeni və müasir binalara köçürülməsi də bunun bariz nümunəsidir.
Görüşdə diqqətə çatdırılıb ki, sosial şəbəkələrin həyatımızın ayrılmaz hissəsinə çevrilməsi ilə əlaqədar son zamanlar gənclərin kitaba marağı azalıb. Buna baxmayaraq kitab oxumaq, ümumiyyətlə, mütaliə etmək hər zaman aktuallığını qoruyub saxlamalıdır. Bunun üçün gənc nəslin, xüsusilə region gənclərinin kitaba marağının artırılması baxımından müxtəlif aksiyalar təşkil edilməsinin vacibliyi bir daha vurğulanıb.
L.Azəri