Ötən il ölkəmizdə ilk dəfə keçirilən beynəlxalq dolma festivalı artıq ənənəyə çevrilir. II Beynəlxalq dolma festivalı iyulun 15-də Xaçmaz şəhərində təşkil olunacaq.
Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Nazim Ağayev bildirib ki, şəhərin şimal girişində yerləşən “Çənlibel” istirahət parkında təşkil olunacaq festivalda bölgələrimizdə, eləcə də dünyanın bir sıra ölkələrində bişirilən müxtəlif çeşiddə dolma sərgilənəcək.
Beynəlxalq tədbirə Azərbaycanın 50 rayonundan və 10-dək xarici ölkədən iştirakçıların qatılacağı gözlənilir.
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkil etdiyi festivalda müxtəlif nominasiya üzrə mükafatlar təqdim olunacaq.
Qeyd edək ki, I Beynəlxalq dolma festivalı 2016-cı il iyulun 1-də Abşeron rayonunda keçirilib. Festival ölkəmizin müxtəlif bölgələrində dolma növlərinin aşkara çıxarılmasına, qədim ənənəyə malik milli mətbəximizin yerli və beynəlxalq ictimaiyyətə təqdim olunmasına xidmət edir.