İyunun 16-da Tbilisidə Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, AMEA-nın həqiqi üzvü Ömər Eldarovun və Gürcüstanın məşhur heykəltəraşı, Xalq rəssamı, akademik Merab Merabişvilinin əsərlərinin fotoşəkillərindən ibarət “Dostluq” sərgisi açılıb.
Sərgi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Gürcüstan Milli Muzeyinin, “XXI Əsr Mədəniyyətlərarası Dialoq” Assosiasiyasının və Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
İyunun 30-dək davam edəcək sərgidə iki heykəltəraşın əsərlərinin 100-dən çox fotosu nümayiş olunur.
Gürcüstan Milli Muzeyinin baş direktoru David Lordkipanidze tədbiri açaraq iki ölkə arasında qədim dostluq münasibətlərindən danışıb, əlaqələrimizin daha da möhkəmlənməsində elm, mədəniyyət, incəsənət xadimlərinin rolunu xüsusi qeyd edib.
“XXI Əsr Mədəniyyətlərarası Dialoq” Assosiasiyasının prezidenti, professor Valeri Asatiani, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev, ölkəmizin Gürcüstandakı səfirliyinin əməkdaşı Fəxri Hacıyev, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva və başqaları çıxış edərək ikitərəfli əlaqələrin daha da genişlənməsində və gənc nəslin maariflənməsində bu cür tədbirlərin əhəmiyyətini xüsusi qeyd ediblər.
Akademiklər Ömər Eldarov və Merab Merabişvili sərginin təşkilinə və göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.
Ömər Eldarov müsahibəsində deyib: “Çox şadam ki, Tbilisidə əsərlərimin fotoşəkillərindən ibarət sərgi açılıb. Bu sərgidə dostum və həmkarım Merab Merabişvilinin də əsərlərinin nümayiş olunması məni ikiqat sevindirir. Biz yaxın vaxtlarda Bakıda da belə bir sərgi açacağıq. Bu cür mədəni tədbirlər Azərbaycan və gürcü xalqları arasında əsrlər boyu mövcud olan dostluq əlaqələrini daha möhkəmləndirəcək”.
Merab Merabişvili: “Bu gün Azərbaycan ilə Gürcüstan arasında çox mehriban dostluq münasibətləri var. Amma bu əlaqələrimizin gələcəkdə davam etməsi və daha da möhkəmlənməsi üçün gənc nəslin yetişməsi vacibdir. İnanıram ki, biz gənclərə nümunə olacağıq və yeni nəsil bizim yolumuzu davam etdirəcək”.
Sərginin açılışında Azərbaycanın və Gürcüstanın elm, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.