64-cü Kann kinofestivalının qalibləri bəlli oldu
   
   Mayın 22-də başa çatan 64-cü Kann kinofestivalının qalibləri elan olundu. Mükafatların təqdimetmə mərasimində çıxış edən münsiflər heyətinin sədri Robert de Niro “Yaxşı filmlər arasında seçim etmək çox çətin idi” deyib. Qeyd edək ki, festivalın mükafatları uğrunda 20 ekran əsəri mübarizə aparıb.    

   Amerika rejissoru Terrens Malikin “Ömür ağacı” filmi festivalın baş mükafatına - “Qızıl palma budağına” layiq görülüb. Qəddar ata və evin böyük oğlu arasındakı münasibətlərdən bəhs edən filmdə baş rollarda Bred Pitt və Şon Penn çəkilib. Festivalın əhəmiyyətinə görə ikinci mükafat sayılan “Böyük Jüri” mükafatını (qeyri-rəsmi “gümüş palma budağı”) türkiyəli rejissor Nuri Bilgə Ceylanın “Bir zamanlar Anadoluda” və Belçika rejissorları Jan-Pyer və Lyuk Darden qardaşlarının “Velosiped sürən oğlan” filmləri qazanıb. “Bir zamanlar Anadoluda” filmi kənd həkiminin cinayət işini aparan hakimin 12 saatlıq hekayəsindən bəhs edir. Filmdə baş rolları Yılmaz Ərdoğan, Taner Birsəl, Məhəmməd Uzunər ifa edib. Qeyd edək ki, Nuri Bilgə Ceylanın “Uzaq” filmi 2003-cü ildə Kann kinofestivalının qalibi olub.
   “Ən yaxşı rejissor” nominasiyasında danimarkalı rejissor Nikolas Uindinq Refn qalib oldu. Refn festivala bir kaskadyorun həyatından danışan “Sür” filmi ilə qatılıb. “Ən yaxşı ssenari” mükafatı yəhudi rejissor Jozef Sezarın “Qeyd” filminə görə verilib.
   “Ən yaxşı aktrisa” mükafatı “Melanxoliya” filmində baş rolun ifaçısı Hollivud ulduzu Kristian Dansta təqdim olunub. Qeyd edək ki, filmin danimarkalı rejissoru Lars fon Trier nasist fikirlərinə görə bir neçə gün öncə kinofestivaldan kənarlaşdırılmışdı.
   “Ən yaxşı aktyor” mükafatına isə Jan Dyujarden “Aktyor” filmindəki ifasına görə layiq görülüb. “Jüri mükafatı”na fransız rejissor Mayvenin “Polis” filmi sahib çıxıb. Qısametrajlı filmlər kateqoriyasında “Qızıl palma budağı” bu il Marina Vrodanın “Keçid” filminə verilib. Bu kateqoriyada “Jüri mükafatı” Uannes Destupun “Badrakje 46” filminə təqdim olunub.
   İranlı rejissor Məhəmməd Rəsul “Xüsusi baxış” proqramında “Ən yaxşı rejissor” mükafatına layiq görülüb. Rejissorun “Əlvida” filmi İrandan çıxmaq üçün viza almağa çalışan Tehranlı hüquqşünasın həyatından bəhs edir. Qeyd edək ki, Məhəmməd Rəsul və onun həmkarı Cəfər Pənahinin filmləri kinofestivala qatılsa da, ölkəsində həbsdə olduğu üçün mükafatlanma mərasimində iştirak edə bilməyiblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar