Molokan icmasına həsr olunmuş elmi seminar
İyunun 14-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda növbəti elmi seminar keçirilib. Tədbirdə İnstitutun direktoru, akademik Möhsün Nağısoylu, layihənin rəhbəri - professor Sayalı Sadıqova, şöbə müdirləri və əməkdaşlar iştirak ediblər. Seminarda institutun Azərbaycan dilinin dialektologiyası şöbəsinin aparıcı elmi işçisi Qüdsiyyə Qəmbərovanın “Azərbaycanda multikultural şəraitin molokan dilinə diaxronik-dialektoloji təsiri” mövzusunda məruzəsi dinlənilib.
O bildirib ki, molokanların dili rus dilinin Cənub-şərqi Velikorus şivəsinə aiddir. Molokanizm XIX əsrin əvvəlində xristian ortodoks (pravoslav) kilsəsindən ayrılmış bir təriqətdir. Rusiyanın Saratov və Tambov bölgələrində yaşayan molokanlar pravoslavlarla anlaşa bilməyiblər, başqa yerlərə köçməyə məcbur olublar. Xristian qaydalarına görə, onlara həftədə iki gün süd içməyə icazə verildiyi halda, molokanlar buna etiraz edərək həftənin hər günü süd içilməsinə icazə verilməsini tələb edirdilər. Molokanlara görə, oruc müəyyən vaxt müddətində deyil, insan özünün günahkar olduğunu və nəfsinin ağlına üstün gəldiyini hiss etdiyində tutulmalıdır.
Molokanların vicdan azadlığı ilə bağlı müstəqilliyi onların başqa dini inanclı insanların əhatəsində uzun illər yaşamasına imkan verib. Maraqlıdır ki, islamda haram sayılan donuz ətinə molokanizm də qadağa qoyur. Dəfn mərasimlərində xaçın çəkilməməsi onları digər xristian məzhəblərindən ayırır. Molokanlar azərbaycanlılar kimi çoxuşaqlığı sevir və bu ənənəni yaşadırlar. Azərbaycanda məskunlaşan molokanlar yaşayış yerlərinə ya əvvəlki yaşayış məskənlərinin, ya da öz icma başçılarının adlarını veriblər: Saratovka (Gədəbəy), Maryovka (Şamaxı), İvanovka (İsmayıllı), Novovasilevka (Neftçala) və s.
Çıxışçı qeyd edib ki, molokanların bəzi dini dəyərlərinin islam dininin şərtləri ilə uyğun olması onları Azərbaycan türklərilə doğmalaşdırıb. Dinc şəraitdə yaşamaq molokanların həm də Azərbaycan dilinə rəğbət bəsləmələrinə səbəb olub. Sonda mövzu ətrafında müzakirələr aparılıb.
S.Qaliboğlu