Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə Əlişir Nəvai adına Səmərqənd Dövlət Universitetində Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələrinə dair elmi-praktik konfrans təşkil edilib.
Səmərqənddə keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində gerçəkləşən konfransda Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti və Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin professor və müəllim heyəti də iştirak edib.
Səmərqənd Dövlət Universitetinin birinci prorektoru Alişer Eşdayev çıxış edərək Özbəkistanla Azərbaycan arasında mədəni-ədəbi əlaqələrin tarixindən danışıb. O, Özbəkistanda Azərbaycan mədəniyyətinə, ədəbiyyatına böyük maraq olduğunu deyib.
AMM-in direktoru Samir Abbasov İpək Yolunun üzərində yerləşən ölkələrimiz arasında oxşarlıqdan bəhs edib, Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Nəsimi, Qafur Qulam, Səməd Vurğun kimi böyük ədib və mütəfəkkirləri olan xalqlarımızın ədəbiyyat və mədəniyyətinin qarşılıqlı olaraq zənginləşdiyini qeyd edib.
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov iki ölkə arasında əlaqələrin tarixindən, bu istiqamətdə AMM-in həyata keçirdiyi layihələrdən danışıb, qurumun təşəbbüsü ilə çoxsaylı nəşrlərin işıq üzü gördüyünü, iki ölkənin mədəniyyət, təhsil müəssisələri arasında əlaqələrin genişləndiyini qeyd edib.
Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin dosenti Gülbahar Aşurova müasir dövrdə Azərbaycan-Özbəkistan ədəbi əlaqələri haqqında çıxış edib. O, Bakıda Özbəkistanın Xalq şairi Camal Kamalın 80 illik yubileyinin qeyd olunduğunu diqqətə çatdırıb, Bakıda yazdığı “Azərbaycan” şeirini oxuyub.
Səmərqənd Dövlət Universitetinin professoru, tarixçi alim İlhamcan Saidov, Termez Dövlət Universitetinin doktorantı Abidcan Şafiyev iki xalq arasında mədəni-ədəbi əlaqələrə dair məruzələr ediblər.
Özbəkistanın və Tacikistanın Əməkdar artisti Asadulla Ataullayev böyük Azərbaycan şairi Məhəmməd Füzulinin qəzəlinə yazdığı musiqi parçasını tarda ifa edərək oxuyub.
Tədbirin sonunda AMM-in təqdimatı ilə Azərbaycanın Turizm və Menecment Universitetinin təqdimatı keçirilib və mərkəz tərəfindən Azərbaycana dair hazırlanmış kitab kolleksiyası Səmərqənd Dövlət Universitetinə hədiyyə edilib.