İlk qadın heykəltəraşlarımızdan Zivər Məmmədovanın anadan olmasından 115 il ötür 
   
   Qadın və heykəltəraşlıq. Bir qədər qəribə səslənir, deyilmi? Zərif əllərin daş parçalarından bədii əsər yaratması böyük zəhmət tələb edir. Ancaq sənət, yaradıcılıq eşqi bütün əziyyətləri arxada qoyaraq mədəni miras yaratmağa qadirdir. Bu yazıda ilk azərbaycanlı heykəltəraş qadınlardan Zivər Məmmədovanın həyat və sənət yolundan bəhs edəcəyik. 
   Zivər Nəcəfqulu qızı Məmmədova (Tağıyeva) 14 iyun 1902-ci ildə Bakı şəhərində anadan olub. Hələ uşaq ikən valideynləri onun təlim-tərbiyəsi ilə ciddi məşğul olub. Qızının istedadını duyan atası onun arzularının həyata keçməsi üçün böyük səy göstərib. Zivər “Müqəddəs Nina” qızlar gimnaziyasında və Dövlət türk musiqi məktəbində təhsil alıb.
   XX əsrin əvvəllərində Bakıda musiqi və rəssamlıq məktəbləri fəaliyyətə başlamışdı. Zivər xanım xatirələrində bu haqda yazır: “Müasir dünyagörüşünə malik atam Avropa üslubunda geyinirdi. Onda gözəlliyi görüb duymaq, onu qiymətləndirmək bacarığı var idi. Kiçik bacımla “Müqəddəs Nina” qızlar məktəbində oxuyurduq. Mən boş vaxtlarımda şəkil çəkir, gildən fiqurlar düzəldirdim. Şəhərimizdə rəssamlıq məktəbinin açıldığını eşidəndə canımdan üşütmə keçdi. Yenə ümidim atama idi. Dil töküb onu yola gətirdim, icazə verdi. Dərhal düzəltdiyim fiqurları götürüb rəssamlıq məktəbinə getdim”. 
   Beləliklə, Zivər xanım sənət aləminə qədəm qoyur və qısa zamanda istedadlı gənc kimi müəllimlərinin diqqətini çəkir. Gənc rəssam 1924-cü ildə Bakı Ali Rəssamlıq Məktəbini bitirir. Bir müddət S.D.Erziya və P.V.Sabsayın emalatxanasında çalışır və portret ustası kimi tanınır.
   Z.Məmmədova 30-40-cı illərdə görkəmli rəssam Əzim Əzimzadənin, opera müğənnisi, aktyor Hüseynqulu Sarabskinin, dünya şöhrətli pəhləvan Sali Süleymanın, Sovet İttifaqı Qəhrəmanları Gəray Əsədovun, İdris Süleymanovun, Hüseynbala Əliyevin daş portretlərini yaradır. İlk qadın təyyarəçilərdən Leyla Məmmədbəyovanın, pambıqçı, Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırovanın büstləri dövrünün gözəl heykəltəraşlıq nümunələrindəndir.
   Sənətkar dahi bəstəkar Üzeyir Hacıbəylinin obrazını da böyük məhəbbətlə yaradıb. Rəssam dəfələrlə Üzeyir bəyin obrazına müraciət edib, bir neçə variantda büst və heykəlini yaradıb. Ümumiyyətlə, Zivər xanım Ü.Hacıbəyliyə böyük hörmət və ehtiramla yanaşıb. Çünki o, görkəmli bəstəkarın mühazirələrinin dinləyicisi, 1922-ci ildə yaratdığı və rəhbərlik etdiyi Dövlət Simfonik Orkestrinin solisti olub. 1923-cü ildə “Arşın mal alan” operettasının ilk tamaşasında skripkada ifa edib. Araşdırmalardan məlum olur ki, hətta böyük musiqiçi öz skripkasını da Zivər xanıma bağışlayıb. Bir sözlə, Üzeyir bəy Zivər xanımın düşüncəsində dərin iz buraxıb.
   Sənətkar 1924-cü ildə ailə həyatı qurub. Gülbəniz və Tokay adlı övladları olub. Tokay Məmmədov görkəmli heykəltəraş, Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, professor, SSRİ Dövlət mükafatı laureatıdır. 
   Öz rəngarəng yaradıcılığı ilə insanlara estetik zövq və gözəllik bəxş edən, sənəti ilə adını mədəniyyət tariximizə yazan Zivər Məmmədova 22 aprel 1980-ci ildə dünyasını dəyişib.
   
   Savalan Fərəcov