Qarabağ mövzusunda çəkilmiş filmin təqdimatı keçiriləcək
   
   İyunun 30-da Nizami Kino Mərkəzində “Üçüncü günün adamı” bədii filminin təqdimatı keçiriləcək. Film Qarabağ mövzusundadır və Azərbaycan ictimaiyyətinə məlum olan bir hadisənin kinoversiyası sayıla bilər. 
   Uzun müddətli cəzaya məhkum edilmiş filmin qəhrəmanı azadlığa çıxdıqda yaxınlarını dünyadan köçmüş, doğma rayonunun isə işğal edildiyini görür. Təsadüf nəticəsində tanış olduğu həmyerlisi ilə birlikdə təmas xəttini keçərək Kəlbəcərdəki kəndinə gedib çıxan qəhrəman, nəhayət öz arzusuna çatır - ata-anasının qəbirlərini ziyarət edə bilir...
   Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə ekranlaşdırılmış filmə iranlı rejissor Babək Şirinsifət quruluş verib. Ssenari müəllifi Maqsud Qarayşa, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov və Arif Niftiyev, bəstəkarı Firudin Allahverdi, prodüseri Müşfiq Hətəmovdur.
   Ekran əsərində Hikmət Rəhimov, Rasim Cəfər, Kamran Ağabalayev, Nicat Həbibov, Vidadi Əliyev, Mehriban Zəki və başqaları çəkiliblər.