Ankarada Rusiya Günü sərgi, poeziya və musiqi ilə qeyd olundu
   
   İyunun 17-də Ankaradakı Rusiya Elm və Mədəniyyət Mərkəzində (REMM) Rusiya Günü münasibətilə tədbir keçirildi. Slavyan Dilləri Müəllimləri, Tərcüməçiləri və Slavyanşünaslar Assosiasiyası ilə birlikdə təşkil edilən bayram tədbirində Türkiyədə yaşayan ruslar, Türkiyə ictimaiyyətinin nümayəndələri, Ankaranın təhsil müəssisələrində çalışan rus dili və ədəbiyyatı müəllimləri, rus dilini öyrənən tələbələr iştirak edirdi. 
   Rusiya Elm və Mədəniyyət Mərkəzinin rəhbəri Ənvər Şeyxov öz çıxışında “Rusiya Günü”nün tarixindən (12 iyun 1991 - RSFSR-in dövlət suverenliyi haqqında bəyannamənin qəbul olunması) bəhs etdi. Qeyd etdi ki, Ankarada yerləşən REMM-də bu qəbul tədbirlərinin keçirilməsi Türkiyənin yaradıcı gənclərini Rusiyanın adət-ənənələri, incəsənəti və mədəniyyəti ilə tanış edir. 
   Tədbirə qatılanlar “Rusiya - mənim vətənimdir” adlı sərgi ilə tanış oldular. Sonra isə “Rusiya Günü-2017” adlı videofilm nümayiş etdirildi. 
   Slavyan Dilləri Müəllimləri, Tərcüməçiləri və Slavyanşünaslar Assosiasiyasının rəhbəri Karina İkayeva-Düzçimen tədbir iştirakçılarını salamladı və qurumla birgə layihələrə, Türkiyədə rus dilinin təbliği ilə bağlı birgə fəaliyyətə görə təşəkkürünü bildirdi. O, minnətdarlıq əlaməti olaraq REMM-in rəhbər heyətinə xatirə plaketləri təqdim etdi. 
   Tədbirdə dahi rus şairi Aleksandr Puşkinin yaradıcılığına həsr edilən müsabiqədə qalib olan Türkiyə gəncləri də mükafatlandırıldı. 
   Mərasim Bilkənt Universitetinin simfonik orkestri və Ankaranın Polifonik Musiqi Assosiasiyasının konsert proqramı ilə davam etdirildi. Pianoçu Rüstəm Raxmedov və vokalçı Zafer Mutlu bəstəkar S.Raxmaninovun əsərləri, rus xalq mahnıları və sovet dönəminin populyar mahnılarını ifa etdilər.