Xəbər verdiyimiz kimi, mayın 11-dən 22-dək keçirilən 64-cü Beynəlxalq Kann kinofestivalında, bir çox ölkələrin pavilyonları ilə yanaşı, ilk dəfə olaraq Azərbaycan pavilyonu da təşkil edilib. Bu münasibətlə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti Fransada səfərdə olub. 
   
   Azərbaycan kinosu pavilyonunun rəsmi təqdimatı mayın 14-də keçirilib. Festival qonaqlarının iştirakı ilə “Filmland of Azerbaijan” multimedia kino bələdçisi təqdim olunub. Milli kinomuzun tarixinə həsr olunmuş “Dövlət Film Fondu təqdim edir” sənədli filmi tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Azərbaycan kinosu pavilyonu tanınmış kino şirkətləri, ayrı-ayrı rejissor və prodüserlərlə işgüzar münasibətlər qurmaq, başqa ölkələrin uğurlu əsərləri ilə tanış olmaq və təcrübələrindən faydalanmaq imkanı yaradıb.
   Nümayəndə heyətinin üzvü, Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdir müavini Müşfiq Hətəmov Azərbaycanın Kann kinofestivalında yüksək səviyyədə təmsil olunduğunu qeyd etdi: “Festival günlərində xarici kinematoqrafçılara ölkəmizin kino çəkilişləri aparmaq üçün gözəl təbiətİ və tarixi yerləri, kino sahəsində çalışan dövlət və müstəqil prodüser mərkəzləri, onların göstərdikləri xidmətlər, son illərdə çəkilmiş filmlərimiz barəsində məlumatlar təqdim olundu. Son illər dövlət sifarişi ilə çəkilmiş “Sahə”, “Aktrisa”, “İlahi məxluq”, “Hökmdarın taleyi”, “Qırxıncı qapı” bədii filmlərini, “Salnamə” və “Yaddaş” studiyalarının sənədli filmlərini təqdim etdik. Sonrakı günlərdə bir çox nüfuzlu kino xadimləri, prodüser mərkəzlərinin nümayəndələri ilə görüşlər keçirdik. Həmin görüşlərdə Azərbaycan haqqında məlumatlar verdik, müştərək filmlərin çəkilməsi imkanlarını müzakirə etdik”.
   Azərbaycan nümayəndə heyətinin tərkibinə daxil olan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev də səfər təəssüratını bizimlə bölüşdü. Azərbaycanın ilk dəfə belə nüfuzlu beynəlxalq festivalda iştirak etməsinin sevindirici hal olduğunu vurğuladı: “Ümumiyyətlə, Kann kinofestivalında 1946-cı ildən etibarən ənənəvi olaraq ölkələr pavilyonlarını təşkil edir və bu pavilyonlarda filmlərin satışı təşkil olunur, ekran əsərləri beynəlxalq festivallara təqdim edilir. Təbii ki, bu çox vacib prosesdir. Bu il keçmiş sovet respublikalarından beş ölkə Kann festivalında iştirak edirdi. Azərbaycanın da pavilyonu ilk dəfə təqdim olundu. Mayın 11-dən fəaliyyətə başlayan pavilyonumuz yeni istehsal olunmuş Azərbaycan filmlərinin plakatlarını və milli kino tariximizi əks etdirən bir çox maraqlı materiallar qonaqlara təqdim olundu”.
   C.Quliyev nüfuzlu kino şirkətləri və prodüserlərlə keçirilən görüşlərdə gələcəkdə həyata keçiriləcək bir çox layihələr haqqında təkliflərin səsləndiyini dedi: “Pavilyonun fəaliyyəti müddətində müxtəlif ölkələrin kino xadimləri, fransalı prodüserlərlə maraqlı görüşlər keçirildi. Eyni zamanda, “Azərbaycanfilm” kinostudiyasının yenidən qurulması ilə bağlı mütəxəssislərlə görüşdük. Səfər gedişində Azərbaycanın nümayəndə heyəti Parisdə Beynəlxalq Lumyer Kino Məktəbinin pedaqoji heyəti ilə də görüşdü. Paris Texnologiya Kollecinin heyəti ilə görüşümüz oldu. Yəqin ki, gələcəkdə ixtisaslı kadrlar hazırlamaq üçün qarşılıqlı əlaqələrimiz yaranacaq. Qeyd edim ki, Azərbaycan pavilyonunun fəaliyyəti müddətində Çexiya və Slovakiya nümayəndələri ilə görüşdük. Gələcəkdə bu ölkələrdə Azərbaycanın kino günlərinin təşkili nəzərdə tutulur. Bundan əlavə, Britaniya, ABŞ, Avstriya, İsveçrə, Estoniya, Ukrayna, Cənubi Koreya, Avstraliya və s. ölkələrin nümayəndələri ilə görüşlər keçirildi. Gələcəkdə onlarla qarşılıqlı müştərək işlərin keçirilməsi planlaşdırılır”.
   Fransada kino sahəsinə maliyyə dəstəyi göstərən və çox nüfuzlu dövlət təşkilatı olan Cənub Fondunun nümayəndələri, eyni zamanda keçmiş sovet filmlərinin nümayişi ilə məşğul olan görkəmli prodüser Joel Şapron, Nant və Provans festivallarının direktoru və başqa qonaqlarla da görüşlər keçirildiyini qeyd edən C.Quliyev bütün bu görüşlərin Azərbaycan kinosunun beynəlxalq əlaqələrini daha da genişləndirmək məqsədi daşıdığını vurğuladı.
   Kann festivalında iştirak edən “Nərimanfilm” prodüser mərkəzinin direktoru Nəriman Məmmədov səfər təəssüratından danışdı: “Festival müddətində müxtəlif ölkələrin kino sahəsində çalışan çoxlu sayda mütəxəssislərlə görüşlərimiz oldu. Bu mütəxəssislər sırasında prodüserlər, satış agentləri, distribüter və digər kino sahələrindən olan insanlar var idi. Hər bir görüş dünyada Azərbaycana, Azərbaycan kinematoqrafiyasına böyük marağın olduğunu göstərirdi. Görüşlərdə kinematoqrafiyamız üçün aktual olan bir çox məsələlər müzakirə edildi, maraqlı təkliflər də oldu. “Nərimanfilm” studiyasının fəaliyyətinə gəlincə, onu deyə bilərəm ki, festival günlərində rejissor İlqar Safatın “Sahə” filminin satışı ilə bağlı danışıqlar aparıldı. Həmçinin yeni bir tammetrajlı bədii filmin müştərək istehsal olunması məsələsi barəsində təkliflər oldu. Səslənən təkliflər öyrənildikdən və hərtərəfli müzakirə olunduqdan sonra qərarlar qəbul olunacaq, sazişlər imzalanacaq. Bu istiqamətdə işlər aparılır və nəticələr tezliklə üzə çıxacaq”.
   
   Yeganə Cansail







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar