Qəbələ Tarix-Diyarşünaslıq Muzeyində mütəmadi olaraq tariximizin şanlı səhifələrinə həsr olunmuş tədbirlər keçirilir. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun əbədiyyətə qovuşduğu 19 iyun tarixi də muzeydə xatirə tədbiri ilə anılıb.
Biləsuvar rayonunun Əliabad kəndində doğulub boya-başa çatan Mübariz Vətən, torpaq sevgisi, misilsiz şücaəti ilə bütün Azərbaycanın oğluna çevrilib. Tədbirdə onun həyatı, 2010-cu ilin 19 iyununda Tərtərin Çaylı kəndi istiqamətində baş verən son döyüşdə göstərdiyi qəhrəmanlığı haqqında söhbət açılıb.
* * *
Neftçala şəhər Mərkəzi kitabxanasının Uşaq şöbəsində də Milli Qəhrəman Mübariz İbrahimovun anım mərasimi keçirilib. Oxu zalı bölməsinin müdiri V.Həsənova hazırladığı məruzədə Mübarizin uşaqlıq illərindən, əsgərlik həyatından bəhs edib. Milli Qəhrəmana həsr olunmuş kitablardan ibarət sərgi yeniyetmə oxucular tərəfindən maraqla qarşılanıb.