Folklor İnstitutunun təşkilatçılığı ilə elmi konfrans keçirilib
   
   İyunun 21-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda “Molla Pənah Vaqif və folklor” mövzusunda elmi konfrans keçirilib.   
   Folklor İnstitutunun təşkilatçılığı ilə keçirilən elmi konfransı AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında ölkə başçısının sərəncamının icrası ilə bağlı tədbirlər planına əsasən görülən işlərdən ətraflı bəhs edib. Şairin 300 illik yubileyinin UNESCO-nun yubileylər proqramına daxil edildiyini xatırladan akademik, həmçinin bu ilin TÜRKSOY tərəfindən “Molla Pənah Vaqif ili” elan olunmasını mühüm ədəbi-tarixi hadisə kimi səciyyələndirib. Bildirilib ki, AMEA-nın ayrı-ayrı elmi-tədqiqat müəssisələrində Molla Pənah Vaqifin yubileyi ilə bağlı elmi konfrans və sessiyalar keçirilir. Şairin yaradıcılığı klassik ənənə ilə yeni dövr ədəbiyyatı arasında bir mərhələ təşkil edir. Vaqif dəyərini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri yaratmaqla milli ədəbiyyatın yeni istiqamətdə inkişafına əsaslı təsir göstərib.
   Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov çıxış edərək Molla Pənah Vaqifin həyat və yaradıcılığının əsas xüsusiyyətlərindən, böyük şairin zəngin ədəbi irsində şifahi xalq düşüncəsinin, folklorun rolundan danışıb.
   Plenar iclasda AMEA-nın müxbir üzvü Kamran Əliyev “Molla Pənah Vaqif realizmi və folklor”, professor Nailə Rəhimbəyli “Molla Pənah Vaqif yaradıcılığı və xalq musiqisi” və filologiya üzrə elmlər doktoru İslam Sadıq “Molla Pənah Vaqif irsi və XIX əsr Azərbaycan aşıq şeiri” mövzusunda məruzə ilə çıxış ediblər.
   Müzakirələr bölmə iclaslarında davam etdirilib.
   
   Soltan