Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin iştirakı ilə Pekində forum keçirilir
   
   Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin, Pekin Universitetinin, Azərbaycanın Çindəki səfirliyinin və Panqoal İnstitutunun birgə iştirakı ilə Pekində “Bir kəmər, bir yol təşəbbüsünün perspektivləri” mövzusunda forum işə başlayıb.
   Forumda dünyanın ikinci ən böyük iqtisadiyyatına sahib Çinin beynəlxalq münasibətlərdə rolu, “Bir kəmər, bir yol” strategiyasının regional və dünya səviyyəsində əməkdaşlığa verə biləcəyi töhfələr müzakirə olunur. “Bir kəmər, bir yol” strategiyası tarixi İpək Yolunun dirçəldilməsi ilə bağlı Çin tərəfindən irəli sürülən təşəbbüsdür. 
   Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri - Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin, mərkəzin İdarə Heyətinin üzvləri, alimlər, tədqiqatçılar iştirak edir.
   Forum çərçivəsində “Bir kəmər, bir yol” strategiyasına həsr olunan panel müzakirələri aparılacaq.
   Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci ilin sentyabrında xalqlar və mədəniyyətlər arasında bilik, tolerantlıq, dialoq və anlaşmanı inkişaf etdirmək məqsədilə yaradılıb.