Azərbaycan kino sənətinin zəngin tarixi olduğu kimi, ayrı-ayrı dövrlərdə maraqlı inkişaf mərhələləri də olub. Dünyada kino yaranandan bir neçə il sonra (1898) Azərbaycanda ilk filmlər - xronikal süjetlər ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi" və s.) çəkildi. 
   
   1915-ci ildə Bakı şəhərində tanınmış neft sənayeçiləri olan Pirone qardaşları tərəfindən kino istehsalı ilə məşğul olan “Filma” səhmdar cəmiyyəti yaradılır. Həmin il adıçəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyniadlı ilk Azərbaycan bədii filminin çəkilişi başlanır. Filmi çəkmək üçün Peterburqdan rejissor Boris Svetlov və operator Qriqori Lemberq dəvət edilir. Film 1916-cı ildə nümayiş olunur. Həmin il Bakıda Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkilir. Rejissor Boris Svetlovun lentə aldığı film, operettanın müəllifi Üzeyir Hacibəylini qane etməsə də, hər halda kino tariximizdə qalıb.
   Bundan başqa “Filma” Səhmdar Cəmiyyəti 1915-1918-ci illərdə daha bir neçə tammetrajlı və qısametrajlı filmlər çəkir. Başqa sözlə, bu illərdə Azərbaycan kinosunda müəyyən irəliləyiş vardı.
   1918-ci ildə Azərbaycanda yaşanan tarixi hadisələr kino istehsalına da təsirsiz ötüşmədi. Yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyəti incəsənət və xüsusən kino sahəsində layihələrin həyata keçirilməsində maraqlı idi. Lakin görüləcək işlərin çoxluğu, zamanın azlığı, kino sahəsində yerli mütəxəssislərin olmaması da bu sahənin inkişafına mane olurdu.
   Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan xalqının həyatında tarixi hadisəyə çevrildi. Milli hökumət mövcud olduğu qısa müddət ərzində milli dövlətçiliyin əsaslarını qurmaqla yanaşı Azərbaycanda mədəni quruculuq - təhsil, milli mədəniyyət, ədəbiyyat və incəsənət, sosial-mədəni sahənin inkişafı ilə bağlı bir çox işlər gördü. Hökumətin xüsusi sərəncamı ilə dövlət teatrı yaradıldı, o dövrə qədər fəaliyyət göstərən peşəkar teatr və kino işçiləri dövlətin himayəsinə götürüldü. Teatr və digər incəsənət növləri, o cümlədən kinematoqrafiya öz inkişafının yeni mərhələsinə daxil oldu.
   Xalq Cümhuriyyəti illərində kinoteatrlarda Azərbaycan milli ordusunun yaranmasını və sərhədlərimizin necə qorunub saxlanmasını, erməni daşnaklarının özbaşınalığına son qoymaq üçün xilaskar türk ordusunun Azərbaycan xalqının köməyinə gəlişini, Müsavat hökumətinin dinc quruculuq işlərini əks etdirən xronikal-sənədli filmlər göstərilirdi.
   1919-cu ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətinin 1-ci ildönümü gününün təntənə ilə bayram edilməsi lentə alınaraq “Azərbaycan müstəqilliyinin ildönümü münasibətilə təntənə” adlı sənədli filmi çəkildi. Film iyunun 13-də Bakının “Ekspress” və “Rekord”, bir qədər sonra “Forum” kinoteatrında nümayiş etdirildi.
   1920-ci il aprelin 28-də Azərbaycan bolşevik Rusiyasının XI ordusu tərəfindən işğal olundu, Xalq Cümhuriyyəti süqut etdi. Milli hökumətin bütün sahələrdə, o cümlədən mədəni-quruculuqla bağlı nəzərdə tutduğu böyük işlər yarımçıq qalsa da, sovet dövründə mədəniyyət, eləcə də kino yeni inkişaf mərhələsini yaşadı...
   
   Hazırladı:
   Reyhan İsayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar