Bu il “Salnamə” kinostudiyasında beş film istehsalata buraxılıb. Rejissor Tahir Əliyevin çəkdiyi “Medo” filmi II Dünya müharibəsinin iştirakçısı, 1942-ci ildə Ukraynada döyüşlərdə əsir düşən, sonradan Niderland antifaşist müqavimət hərəkatına qoşularaq qəhrəmanlıqlar göstərən həmyerlimiz Məmməd Məmmədov haqqındadır. 
      
   M.Məmmədova “Medo” ləqəbini də antifaşist müqavimət hərəkatında veriblər. Film barədə danışan rejissor bildirdi ki, ömrünün qalan hissəsini Niderlandda yaşayan Məmməd Məmmədov bu ölkənin ən yüksək “Oranc-Nassau Kral ailəsinin cəngavəri” ordeni, “Müqavimət döyüşçüsü” və “Sədaqətli xidmət” medalları ilə təltif edilib, Ostervejk şəhərinin fəxri vətəndaşı olub. Bu şəhərdə hamı onu ehtiramla “Medo” kimi xatırlayır. 2003-cü ildə 80 yaşında vəfat edib.
   Filmin ssenari müəllifləri Tahir Əliyev və Elxan Əsgərov, operatoru Elxan Rüstəmovdur. Filmin bəzi çəkilişləri Niderlandda aparılıb, digər qismi isə iyulda Zaqatalada gerçəkləşəcək. Həmin vaxt M.Məmmədovun ailəsi də Azərbaycana gələcək.
   Hazırda istehsalatda olan digər ekran əsərləri “Şimalda xəzri küləyi” (ssenari müəllifi İntiqam Hacılı, rejissor Mahmud Məmmədov), “15 ispaniyalı Bakıda” (ssenari müəllifi və rejissor Samuel Sebastian), “Novruz 2011” (ssenari müəllifləri Arzu Məmmədova, Aleksandr Balaşov, rejissor Ziya Şıxlinski), “Futbol - 100” (rejissor Arzu Məmmədova) filmləridir.
   Bundan əlavə, “Salnamə” kinostudiyasında “Korrupsiyaya qarşı hamılıqla mübarizə” (ssenari müəllifi Rəfiqə Məsud, rejissor Elşən Zeynallı), “Xəzərdən Dunaya” (ssenari müəllifi Toğrul Vəli, rejissor Tahir Əliyev), “Çövkən milli oyunu” (ssenari müəllifləri Rafiq Quliyev, Nadir Bədəlov, rejissor Rafiq Quliyev), “Musiqi və zaman” (bu yaxınlarda Bakıda keçirilmiş Qara Qarayev adına IV Beynəlxalq müasir musiqi festivalına həsr olunmuş filmin ssenari müəllifi Toğrul Cuvarlı, rejissoru Ziya Şıxlinskidir), 1918-ci ilin mart qırğınlarından bəhs edən “Qara bayram və Qara oyunlar” (ssenari müəllifi Nadir Bədəlov, rejissor Mehriban Ələkbərzadə), “Dünya Mədəniyyətlərarası Dialoq Forumu” (ssenari müəllifi Yusif Şeyxov, rejissor Ramiz Hüseynov) sənədli filmləri təhvil verilib.
   Rejissor Mariya İbrahimovanın “Uzunömürlülər” filminin ilkin variantı da hazırdır. Filmin səsləndirilməsi və montaj işləri yekunlaşmaq üzrədir. Rejissor Pavlenkonun “Səsin iziylə” filmi də başa çatmaq üzrədir. Film Sankt-Peterburqun “Lennauçfilm” studiyası ilə müştərək istehsal edilir və oktyabradək təhvil verilməlidir. Yaxın zamanda rejissor Tofiq İsmayılovun “Özüm və zaman” filmi də təhvil veriləcək. Film bəstəkar Xəyyam Mirzəzadəyə həsr olunub.
   “Salnamə” kinostudiyası sənədli filmlərlə yanaşı, bədii filmlərin istehsalatına da başlayıb. Studiyadan verilən məlumata görə, iki filmin, “Mən evə qayıdıram” və “Qırmızı bağ” bədii filmlərinin çəkilişləri davam edir.
   Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hərbi-vətənpərvərlik mövzusunda çəkilən “Mən evə qayıdıram” bədii filminin çəkilişlərinə Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı fevralın 26-da start verilib. Müdafiə Nazirliyinin yardımları ilə ərsəyə gələcək filmin quruluşçu rejissoru Samir Kərimoğlu, ssenari müəllifi İsmayıl Səfərəliyev, icraçı prodüseri Nazim Hüseynov, direktoru Mahir İbrahimov, quruluşçu operatoru Ayxan Salar (Almaniya), quruluşçu rəssam Əziz Məmmədovdur.
   “Qırmızı bağ” bədii filminin ssenari müəllifi və rejissoru isə Mirbala Səlimlidir. Filmdə hadisələr Azərbaycanın əyalət şəhərlərindən birində cərəyan edir. Orta məktəb müəllimi Abbas istəyir ki, arvadı Vəfa ona nəslinin davamçısı olan bir oğlan uşağı dünyaya gətirsin. Lakin Vəfa həyat yoldaşının bu istəyini yerinə yetirə bilməz. Onların qarşısına Orxan adlı kimsəsiz uşağın çıxması isə hadisələri kökündən dəyişir. Bundan sonra bu üç nəfərin həyatı ölüm və həyat arasında mübarizəyə çevrilir. Hazırda çəkiliş prosesində fasilə edən yaradıcı heyət çəkilişləri payız aylarında Şəkidə davam etdirəcək. Film 2012-ci ildə hazır olmalıdır.
   
   Yeganə Cansail






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar