Hollandiya ərazisində fəaliyyət göstərən Booking.com şirkəti Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana sifarişlərinin həyata keçirilməsini dayandırıb.
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti açıqlama yayıb.
Açıqlamada deyilir: “2017-ci il 2 iyun tarixli açıqlamamızda bildirilmişdi ki, XİN və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu istiqamətdə müvafiq tədbirlər görüləcək, Hollandiyadakı səfirliyimiz tərəfindən Booking.com şirkətinə etirazımız çatdırılacaq.
Azərbaycanın işğal olunmuş ərazilərinin Booking.com şirkəti tərəfindən turizm məntəqəsi kimi təşviq edilməsi və orada mehmanxana sifarişlərinin həyata keçirilməsi beynəlxalq hüququn norma və prinsiplərinə, Dünya Turizm Təşkilatının (DTT) Nizamnaməsinə, Turizmə dair Qlobal Etik Məcəlləyə, DTT İcraiyyə Şurasının müvafiq qərar və tövsiyələrinə köklü şəkildə ziddir.
Booking.com-un qeydiyyatda olduğu Hollandiya, o cümlədən Avropa İttifaqı tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyi dəstəkləndiyi halda, şirkət tərəfindən bu mövqeyin əksinə olaraq fəaliyyət göstərilib. Həmçinin münaqişə zonası və etnik təmizləmənin törədildiyi məkan kimi Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana rezervasiyasının həyata keçirilməsi və bundan komissiya şəkildə qazanc əldə edilməsi korporativ biznes etikası qaydaları ilə və mənəvi dəyərlərlə bir araya sığmır.
Booking.com şirkətinə onu da xatırlatmaq istərdik ki, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni və çirkli yollarla fəaliyyət göstərən kriminal sahibkarlıq subyektləri ilə işbirliyinə girmək şirkətin beynəlxalq nüfuzuna xələl gətirir.
Qeyd olunanları nəzərə alaraq, Booking.com şirkətini Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana sifarişlərini tam şəkildə ləğv etməyə və gələcəkdə bu istiqamətdə hər hansı fəaliyyətdən kənar durmağa çağırırıq.
XİN və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu istiqamətdə zəruri tədbirlərin görülməsi davam etdiriləcək”.