Bolqarıstanda Azərbaycanın xalçaçılıq sənəti tanıdılır
Bolqarıstanın Kotel şəhərində açıq havada “Adət-ənənələrin canlı alovu” adlı festival keçirilib. Festivalda Bolqarıstandakı səfirliyimizin dəstəyi ilə Azərbaycan xalçaları nümayiş etdirilib, tədbir iştirakçıları xalçalarımızın xüsusiyyətləri barədə məlumatlandırılıb.
Ziyarətçilərin diqqətinə çatdırılıb ki, xalça istehsalı üzrə Azərbaycanın əsasən Bakı, Şirvan, Quba, Qarabağ, Gəncə və Qazax regionları ixtisaslaşıb, hər regionun xalçaları naxış, kompozisiya və rəng çalarlarına görə fərqlənir. Festivalda həmçinin Bolqarıstan, İran, Mərakeş və Cənubi Amerika regionunun xalçaları, eləcə də bu ölkədə yaşayan müxtəlif xalqların sənət nümunələri, mətbəx, musiqi, rəqslər və milli geyimləri nümayiş etdirilib.