Dünya uşaq ədəbiyyatında elə nümunələr var ki, insan yetkinlik yaşına çatandan sonra da bu əsərlərə marağı azalmır. Canni Rodarinin "Çipollino"su belə nümunələrdəndir. Alleqorik əsər Şahzadə Limonun iradəsini yerinə yetirən sinyor Pomidorun özbaşınalığına qarşı dostları ilə birlikdə mübarizə aparan Çipollino adlı balaca soğanın macəralarından bəhs edir. Onun neçə dilə çevrildiyini, neçə dəfə cizgi filmi kimi ekranlaşdırıldığını, neçə dəfə səhnələşdirildiyini bilən yoxdur. Amma qəzetimizin oxucuları artıq bilirlər ki, bir ay ərzində paytaxtın iki teatrında bu əsər əsasında tamaşalar təhvil verilib.
İyunun əvvəlində Milli Dram Teatrı, ötən bazar, iyunun 25-də isə Gənc Tamaşaçılar Teatrı "Çipollino" tamaşasını təqdim etdi. Onları müqayisə etmək istəməsək də, bir məqam şəksizdir: hər iki tamaşanı seyr edən kiçikyaşlı teatrsevər də səhnə əsərində əsas simanın rejissor olduğunu, quruluş fərqini asanlıqla anlaya bilər.
Gənc Tamaşaçılar Teatrındakı "Çipollino"nun səhnə redaksiyasının müəllifi teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov olsa da, səhnə əsəri həm də beynəlxalq layihənin məhsuludur. Tamaşaya Rusiyanın Rostov şəhərindəki "Maksimum" teatrının bədii rəhbəri, Rostov İncəsənət məktəbinin rejissorluq kafedrasının müdiri Yelena İvanova quruluş verib. Qonaq rejissorun quruluşunda "Çipollino" tərəvəzlərlə meyvələrin mübarizəsindən daha çox əzizlərini zindandan qurtarmaq üçün dostlarının köməyilə fənd işlədən balaca soğanın hekayətidir. Hakimiyyəti təmsil edən sinyor Pomidor özünü tərəvəz yox, israrla giləmeyvə sayaraq, bu yolla hakim Limona və onun əzizləri qrafinya Albalı bacılarına yaxın olduğunu qabartmağa çalışır.
Tamaşada əsasən teatrın gənc aktyorları məşğuldur. Rollarda Səbinə Məmmədova və Xəyalə Meydanova (Çipollino), Aygün Fətullayeva (Turp), Anar Seyfullayev (şahzadə Limon), Elgün Yəhyayev (sinyor Pomidor), Ramil Məmmədov (Mastino), Anar Səfiyev (qraf Albalı) və başqaları çıxış edirlər. Birhissəli müzikl janrında qurulmuş tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Ayla Həşimovadır. Mahnı və rəqslərlə bol tamaşanın musiqi tərtibatını Zaur Rəşidov, rəqslərə quruluşu isə Əməkdar artist Nicat Kazımov verib.
"Çipollino" yalnız bir gün - mövsümün son günü oynanılsa da, inanırıq ki, növbəti mövsümdə onun adı repertuar planında tez-tez görünəcək.
* * *
İyunun 25-də axşam isə teatrda ilin ən parlaq premyeralarından biri - Yefim Abramov və Leyla Bəyimin birgə yazdığı, Xalq artisti Vaqif Əsədovun quruluş verdiyi "Yarımçıq qalmış" pyesi oynanıldı. 2016-cı il aprel döyüşlərində şəhid olmuş hərbçilərin xatirəsinə həsr edilmiş tamaşa həm də yaradıcı kollektivin Azərbaycan Silahlı Qüvvələri Gününə hədiyyəsi idi.
* * *
Bəs mövsüm necə bitdi?
Əgər başa çatmaqda olan teatr mövsümünə ötəri nəzər salsaq, görərik ki, Gənc Tamaşaçılar Teatrı istər təhvil verilən tamaşaların sayına, istər beynəlxalq festivallarda iştirakına, istərsə də qastrol səfərlərinin sayına görə ön sıradadır. Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov ilə söhbətimizdə öyrəndik ki, 2016-2017-ci teatr mövsümündə uşaq və yeniyetmələr üçün 5, böyüklər üçün 3 tamaşa hazırlanıb. Astrid Linqrenin "Uzuncorab Pippi", Xanımana Əlibəylinin "Aycan", Yeni il şənlikləri üçün "Qrinç" və "Məlikməmməd" nağıl tamaşası balaca teatrsevərlərin ürəyincə olub. "Çipollino" tamaşasının adı isə mövsümün son premyerası kimi afişaya yazılıb. Böyüklər üçün Məhəmməd Füzulinin "Leyli və Məcnun", Əli Əmirlinin "Ünvansız qatar", Yefim Abramov ilə Leyla Bəyimin "Yarımçıq qalmış" əsərləri əsasında hazırlanan tamaşalar da repertuarda özünə yer tutub.
Teatr yubilyar əməkdaşlarını da unutmayıb. Belə ki, teatrın kiçik səhnəsində hazırlanmış "Vurğuna vurğun gəlin" tamaşası Əməkdar artist Lətifə Əliyevanın 70 illiyinə həsr olunub. Ağaxan Salmanlı (75) və Yasin Qarayev (70) isə öz yuvarlaq yaşdönəmlərini "Açarını itirənlər" tamaşası ilə qeyd ediblər.
Kollektiv Permdə II Beynəlxalq Martin MakDonax Teatr Festivalında "Gözəllik kraliçası", Astanada "Səhnədən salam" V Beynəlxalq Teatr Festivalında "Mən gəldim, qızlar" tamaşalarını göstərib. Əməkdar artist Şövqü Hüseynovun çıxış etdiyi iki mono-tamaşa - "Dəlinin qeydləri" və "Kontrabas" isə bu mövsümdə də öz festival turnesini uğurla davam etdirib.
Mübariz Həmidov teatrın beynəlxalq əməkdaşlıq çərçivəsini genişləndirməsindən də danışdı. Kollektivin B.Basanqov adına Kalmık Milli Dram Teatrı ilə əməkdaşlığı bu il də davam edib. Bundan əlavə, Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrı, Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrı, Çeçenistan Respublikası Dövlət Gənc Tamaşaçılar Teatrı ilə qarşılıqlı qastrol səfərləri də gerçəkləşib.
* * *
Qarşıdakı mövsüm Gənc Tamaşaçılar Teatrı üçün sıradan bir mövsüm olmayacaq. 90 yaşına qədəm qoyacaq teatr öz yubileyində teatrsevərlərə nələri təqdim edəcək, bizi hansı tamaşalarla sevindirib, hansı layihələrlə təəccübləndirəcək - bunu yeni mövsümdə biləcəyik.
Gülcahan
P.S. Deyəsən, biz mövsümü bitirməkdə tələsdik axı... Çünki Gənc Tamaşaçılar Teatrı ilin son tədbirinə hazırlaşır. Yaxın günlərdə teatr və ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin təsis etdiyi və hər il mövsümün sonunda verilən "Sima" teatr mükafatı sahiblərinə təqdim ediləcək.