Təşkilatın baş direktoru vəzifəsinə namizəd Polad Bülbüloğlunun məqaləsi dərc olunub
Fransızdilli saytında Azərbaycanın Rusiyadakı səfiri, UNESCO-nun baş direktoru vəzifəsinə namizəd Polad Bülbüloğlunun “UNESCO ilə əl-ələ Afrika naminə davamlı sülh yolunda” adlı məqaləsi dərc olunub.
Müəllif qeyd edir ki, UNESCO sülh və sülh mədəniyyəti istiqamətində fəaliyyət göstərən bir təşkilatdır. UNESCO-nun baş direktoru vəzifəsinə seçildiyim təqdirdə bütün enerjimi, eləcə də bütün sülh mədəniyyəti tərəfdaşlarını səfərbər edərək Afrikada sülh naminə fəaliyyət göstərəcəyəm. Sülh mədəniyyəti xalqları birləşdirən, əvəzolunmaz sərvət kimi qəbul edilməlidir. O, bütün dünya vətəndaşlarının xoşbəxt mədəniyyət müxtəlifliyinin rəmzi olmalıdır.
Polad Bülbüloğlu Fransanın sabiq prezidenti Şarl de Qolun fikrinə istinad edib: “Sülhü yaradan xalqların bir-birini anlamasıdır. Siyasi rejimlər keçib gedir, daimi olan isə xalqlardır”.
Afrika qitəsinə dəstəyin UNESCO üçün prioritet olduğunu qeyd edən müəllif bildirir ki, beynəlxalq ictimaiyyətin dəstəyindən bəhrələnən qitədə göstərilən səylər nəticəsində münaqişələr əvvəlki illərlə müqayisədə səngisə də, hələ görülməli çox işlər var.
P.Bülbüloğlu diqqətə çatdırıb ki, Afrika İttifaqı bir çox institutların yaranması və artan silahlı münaqişələrin qarşısının alınması istiqamətində çoxsaylı proseslərin başlamasına imkan yaradıb. Afrika İttifaqının gündəliyində əsas məqsəd 2020-ci ilə qədər qitədə silahlı münaqişələrə tamamilə son qoymaq, təhsilə, mədəniyyətə, davamlı inkişafa, siyasi birliyə əsaslanan tərəqqiyə, sosial rifaha nail olmaqdır.
P.Bülbüloğlu məqalədə münaqişələrdən yayınmaq üçün dialoq və mədəniyyətin gücünü xüsusi qeyd edib. O, Afrika İttifaqının Sülh və Təhlükəsizlik Şurasının “Sülh yaradaq” adlı kampaniyası çərçivəsində bütün vətəndaşları davamlı sülhə töhfə verməyə və hər il sentyabrın 21-ni Sülh günü kimi qeyd etməyə təşviq etmək təşəbbüsünü alqışlayıb.
Məqalədə o da vurğulanır ki, Azərbaycan fanatizmin qarşısının alınmasında təhsilin gücünə inanır. Ölkəmiz Afrika qitəsində, xüsusilə də Keniya, Tanzaniya, Uqanda və Liberiyada təhsilin təşviqi istiqamətində UNESCO-nun layihələrini dəstəkləyib. Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi (AİDA) humanitar yardım layihələrinə qoşulub və Afrika ölkələrinin inkişafına töhfə verib.
Yazıda diqqətə çatdırılır ki, cari ilin may ayında IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunda Efiopiya, Mali və Ruandanın birinci xanımları iştirak edib. Forum “Dinc və davamlı cəmiyyət” naminə qızların təhsilinin əhəmiyyətini qeyd edərək, dünya miqyasında bu istiqamətdə humanitar yardımların göstərilməsinə çağırış edib.