Ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsinə əsasən Səmərqənd şəhərində keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində soydaşımız, tanınmış heykəltəraş Eynulla Əliyevin yaşadığı binada barelyefinin açılışı olub.
Səfirliyin birinci katibi, Mədəniyyət mərkəzinin direktoru Samir Abbasov xarici ölkələrdə yaşayan yaradıcı soydaşlarımızın irsinin təbliğinin, dünyadan köçənlərin xatirəsinin əbədiləşdirilməsinin dövlətimizin daim diqqətində olduğunu bildirib. Qeyd olunub ki, Özbəkistanda elm, mədəniyyət, incəsənət sahəsində bir çox tanınmış azərbaycanlı fəaliyyət göstərib, iki xalq arasında dostluq münasibətlərinə töhfələr veriblər.
Samir Abbasov heykəltəraş Eynulla Əliyevin həyat və yaradıcılığı haqqında söhbət açıb. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev 2010-cu ilin sentyabrında Özbəkistana səfəri zamanı Eynulla Əliyevin Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən fərdi sərgisi ilə tanış olub.
Eynulla Əliyev uzun müddət Özbəkistan Rəssamlıq Akademiyasının Səmərqənd vilayət şöbəsinin rəhbəri olub və onun daş, mis, bürünc və ağacdan yaratdığı nadir əsərlər Özbəkistan, Rusiya və digər ölkələrin məşhur muzeylərində saxlanılır.
Azərbaycanlı heykəltəraş böyük özbək şairi Əlişir Nəvainin 550 illik yubileyi münasibətilə Daşkənddə ucaldılan möhtəşəm abidənin həmmüəllifidir. O, həmçinin Özbəkistanın bir sıra şəhərlərində ucaldılan bəzi abidələrin müəllifi kimi tanınır. 1977-ci ildə isə Daşkənddə metronun "Mirzə Uluqbəy" stansiyasının döymə misdən dizaynını işləyib.
Bildirilib ki, barelyefi Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Özbəkistanın tanınmış heykəltəraşı, professor Marina Borodinova hazırlayıb.
Mərasimdə çıxış edən Səmərqənd Vilayəti üzrə Azərbaycan diaspor təşkilatının rəhbəri Adilağa Mirzəyev azərbaycanlı memarların Səmərqənddə hələ orta əsrlərdə Əmir Teymur zamanında bir çox abidələrin inşasında xüsusi əməkləri olduğunu söyləyib.
Özbəkistan Rəssamlıq Akademiyasının Səmərqənd Vilayəti üzrə rəhbəri, Eynulla Əliyevin qızı Yaqut Əliyeva Azərbaycan dövlətinə, Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib. O, Özbəkistanda Eynulla Əliyevin yaradıcılığına yüksək qiymət verildiyini, onun Həmzə Həkimzadə Niyazi adına Dövlət mükafatına layiq görüldüyünü vurğulayıb.
Yaqut Əliyeva atasının dünya şöhrətli “Asel” əsərinin müəllif surətini Azərbaycan Mədəniyyət Mərkəzinin muzeyinə hədiyyə etdiyini deyib.
Professor Yusif Abdullayev Eynulla Əliyevin əsərlərinin nəinki Daşkənd və Səmərqənddə, həmçinin Bakı, Almatı, Moskva, Helsinki, Vaşinqton, San-Fransisko və dünyanın digər şəhərlərində təşkil olunan sərgilərdə nümayiş etdirildiyini bildirib.