Bir əsərin tarixçəsi 
      
   Elə məşhur şəxsiyyətlər var ki, onlar həm yaradıcılığı, həm də həyat tərzi və zahiri görkəmləri ilə başqalarından fərqlənir, cəlbedici olurlar. Görkəmli fırça ustası, Azərbaycanın Xalq rəssamı, Dövlət mükafatı laureatı Səttar Bəhlulzadə belə şəxsiyyətlərdən idi. 
   Onu əsərlərindən də çox, zahiri görkəminə və davranışına görə tanıyırdılar, desək, yəqin ki, yanılmarıq. Doğrudan da, ilk baxışda bir qədər də çəlimsiz görünən rəssamın uzun saçları, mavi-göyümtül rəngli gözləri, arıq-uzun barmaqları onun anadangəlmə cizgiləri olsa da, çox bənzərsiz və cəlbedici idi. Rəssamın bu əza qəribəliyinə onun həm də müasirlərindən çox fərqli sadə geyimini də əlavə etsək, onda onun görkəminin nə qədər fərqli olduğunu təsdiqləməyə ehtiyac qalmaz. Amma Səttar Bəhlulzadənin başqalarına bənzəməyən bu görkəmi o qədər “çoxmənalı” idi ki, bəzən tanımayanlar onu Əmircandan Bakıya gələn elektrik qatarına minərkən sədəqə toplamağa hazırlaşan kimsəsizə də bənzətmişdilər. Təbii ki, bu qəribəlik cəlbedici natura sorağında olan həmkarlarının nəzərindən qaça bilməzdi. Odur ki, tələbəlik illərindən başlayaraq ömrünün sonuna qədər, hətta vəfatından sonra da rəssam və heykəltəraşlarımız onun obrazına müraciət etmiş və bir-birindən fərqli əsərlər yaratmağa nail olmuşlar. Tanınmış fırça ustası Tağı Tağıyev, Böyükağa Mirzəzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov, Elmira Şahtaxtinskaya, Həsənağa Ələsgərov, Toğrul Sadıqzadə, Vladimir Neçitaylo, Rəhim Məmmədov, Kərim Cəlal, Həsən Haqverdiyev, Qafar Seyfullayev, Güllü Mustafayeva, Nəcəfqulu, Mahmud Tağıyev, Asəf Cəfərov, Qəyyur Yunus, Natiq Əyyubov, Tahir Məcidov, Bayram Qasımxanlı, Böyükxanım Dadaşova, Rövşən Məmmədov, Sabir Çopuroğlu və başqalarının rəng və cizgi ilə təsvir etdikləri portretlərdə bənzərsiz Səttar varlığını səciyyələndirən xüsusiyyətlərin yaddaqalan ifadəsini görmək mümkündür.
   Görkəmli xalçaçı-rəssam Eldar Mikayılzadənin ona həsr etdiyi xalçalarda isə məşhur fırça ustasının obrazlı-fəlsəfi tutumlu portretləri ilə qarşılaşırıq.
   Heykəltəraşların da Səttar Bəhlulzadə obrazına müraciət etməsini təbii saymaq olar. Rəssamın əzalarındakı qeyri-adiliyə plastik tutum vermək bütün mənalarda tişə ustaları üçün maraqlı idi. Bu mənada Fuad Əbdürrəhmanov, Ömər Eldarov, Pyotr Sabsay, Elmira Hüseynova, Fuad Bakıxanov, Hüseyn Haqverdiyev, Xanlar Əhmədov, Natiq Əliyev, Cümşüd İbrahimli, Qərib Sultanov, Ədalət Elman və digərlərinin hazırladıqları müxtəlif forma-biçimli nümunələri qeyd etmək olar.
   Bu əsərlərin arasında görkəmli heykəltəraş, Xalq rəssamı, iki dəfə SSRİ Dövlət mükafatı laureatı Fuad Əbdürrəhmanovun ərsəyə gətirdiyi portret Səttar bənzərsizliyinə bir az da rəng qatılması, onun qəribəliyini daha da artırması ilə diqqət çəkir. Əsərin özü kimi, yaranma tarixi də maraqlıdır...
   Əsər 1947-ci ildə yaradılmışdır. O vaxtlar Bakıda təşkil olunan sərgilərin birinin açılışında Səttar saçlarının uzunluğu, baxışlarının ifadəliliyi ilə Nizami Gəncəviyə həsr olunmuş məşhur abidələrin müəllifi F.Əbdürrəhmanovun diqqətini çəkir. Ənənəvi çıxışlar qurtarıb sərgiyə baxış başlananda Fuad hamıdan ayrılıb Səttara yaxınlaşır. Rəssamdan ertəsi gün onun emalatxanasına gəlməsini təvəqqe edir, rəssam da bu təkliflə razılaşır. Vədələşdikləri vaxtda heykəltəraşın qapısı döyülür. Gələnin Səttar olduğuna əmin olan heykəltəraş ucadan “Səttar, gəl!” deyir. Qapının açılması və Səttarın elə içəri girməsi ilə Fuad Əbdürrəhmanovun həyəcan və etiraz dolu səsi ucalır: “Adə, sən neyləmisən?” Səttar da halını pozmadan bu sualı gözləyirmiş kimi sakitcə: “Neyləmişəm ki? Bəlkə, deyəsən, biz də bilək?” - cavabını verir. Heykəltəraş qayıdıb deyir ki, “Bütün işləri korladın, mən sənin portretini işləmək istəyirdim, sən də gedib saçlarını kəsdirmisən!”
   Bu anda Fuad Əbdürrəhmanovun vəziyyətini başa düşmək çətin deyildi. Belə ki, həmkarları arasında həm də uzun saçları ilə seçilən rəssam bu dəfə məşhur heykəltəraş dostunun qarşısında saçlarını dibindən qırxdırmış halda durmuşdu. Səttar halını pozmadan hərəkətinə haqq qazandırırmış kimi özünəməxsus bir izahat verir və bildirir ki, elə dünən məni nə məqsədlə çağırdığını hiss etmişdim. Mən də səni sınağa çəkmək üçün bu işi gördüm. Axı saçımın olmaması nə üçün sənə maneə kimi görünməlidir? Hünərin var, məni elə bu cür də işlə! Bu çağırışı gözləməsə də, heykəltəraş onu qəbul edir və onlar az sonra öz yerlərini tuturlar. Bu gün Azərbaycan Milli İncəsənət Muzeyinin daimi ekspozisiyasını bəzəyən həmin mərmər portretin yaranma tarixçəsi belədir. Əlavə edək ki, özündə yaradıcı adamın psixoloji yaşantılarını bütün incəliklərinə kimi hifz edən, zərif plastikası ilə seçilən bu əsər Fuad Əbdürrəhmanovun zəngin obrazlar qalereyasında xüsusi yer tutur.
   Həyatda çılğınlığı ilə seçilən görkəmli mənzərə ustasını bir qədər ona xas olmayan sakit durumda təsvir edən tişə ustası, bu duyulası sükunətdə rəssamı bir qədər də xəyalpərvər plastik tutumda təqdim etməklə, onun bütün əzalarının diqqətçəkənliyinə nail olmuşdur. Plastik şərhinə görə haradasa Misir heykəltəraşlığı nümunələri ilə anım yaradan əsərin faktura axıcılığındakı yumşaqlıq, klassik estetikaya malik olmaqla, tamaşaçı üçün kifayət qədər duyğulandırıcıdır. Bəyaz mərmərdə gerçəkləşən əzaların qabardılmasında, diqqətçəkən tutum almasında heykəltəraşın nümayiş etdirdiyi yüksək sənətkarlıq şaşırdıcıdır, desək, yanılmarıq...
   Sonda məlumat üçün bildirək ki, Səttar Bəhlulzadə (1909-1974) 65 illik ömrü boyu cəmisi iki dəfə saçlarını dibindən kəsdirmişdi. İlk dəfə bu haqqında söz açdığımız portretin yaradılması ilə əlaqədar öz xoşu ilə baş vermişdi. İkinci halda isə bunu etməyə onu həkimlər məcbur etmişdilər. 1973-cü ildə Moskvada əməliyyat olunan Səttar Bəhlulzadəyə həkimlər nədənsə saçı ilə vidalaşmağı tövsiyə etmişdilər. Amma bu məsələdə maraqlısı mədəsindən əməliyyat olunan rəssamın saçlarının kəsdirilməsinə göstəriş verilməsi idi...
   
   Ziyadxan Əliyev
   Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru