Azərbaycan
   
   29 iyun 1913 - Xalq şairi Nigar Xudadat bəy qızı Rəfibəyli (1913 - 7.10.1981) Gəncədə anadan olub. Lirik şeirləri ilə XX əsr Azərbaycan poeziyasını zənginləşdirib, xarici dillərdən ədəbi nümunələri (F.Şiller - «Məkr və məhəbbət»; A.Çexov - «Vanya dayı», «Albalı bağı»; E.Voyniç - «Ovod»; A.Puşkin M.Lermontov və başqa şairlərin şeirləri) Azərbaycan dilinə çevirib. 
   29 iyun 1944 - Şair, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu (Çingiz Əli oğlu Əliyev) Füzuli şəhərində doğulub. Əsərləri müxtəlif dillərə çevrilib. Rus dilindən ədəbi tərcümələrin müəllifidir. 
   
   30 iyun (yeni təqvimlə 12 iyul) 1812 - Mütəfəkkir yazıçı, dramaturq, şair Mirzə Fətəli Axundzadə (1812 - 10.3. 1878) Şəkidə anadan olub. Yaradıcılığa şeirlə başlayıb, "Puşkinin ölümünə Şərq poeması" (1837) ilə məşhurlaşıb. 1850-1855-ci illərdə yazdığı 6 komediya (“Molla İbrahimxəlil kimyagər”, “Müsyö Jordan və dərviş Məstəli şah”, “Lənkəran xanının vəziri”, “Xırs-quldurbasan”, “Hacı Qara”, “Mürafiə vəkilləri”) ilə milli dramaturgiyamızın, 1857-ci ildə qələmə aldığı "Aldanmış kəvakib" povesti ilə realist Azərbaycan nəsrinin təməlini qoyub. 
   30 iyun 1934 - Azərbaycan Bəstəkarlar İttifaqı yaranıb. Asan Refatov ittifaqın idarə heyətinin sədri seçilib. Krım tatarı olan A.Refatov 1926-cı ildə Bakıya gələrək Azərbaycan Dövlət Konservatoriyasında təhsil almış, burada dərs demiş, 1931-ci ildə təhsil ocağının prorektoru təyin edilmişdi. O, Bəstəkarlar İttifaqına bir il rəhbərlik edib, 1937-ci ildə repressiya olunub. 
    
   1 iyul 1925 - Ədəbiyyatşünas alim, tərcüməçi, professor Pənah İmran oğlu Xəlilov Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində doğulub. "Azərbaycan sovet ədəbiyyatı tarixi" üçcildliyinin, dərsliklərin həmmüəllifidir. Rus dilindən tərcümələr edib. 
   1 iyul 1940 - Yazıçı-publisist, Əməkdar jurnalist Yusif Abbas oğlu Kərimov Bərdədə anadan olub. Kitabları: “İtkilər və ümidlər”, “Qarabağ şikəstəsi”, “İşğal vadisi” və s. 

    2 iyul 1892 - Yazıçı, maarif və mədəniyyət xadimi Tağı Abbas oğlu Şahbazi (Simürğ; 1892-1937) Bakıda anadan olub. 20-30-cu illərdə respublika xalq maarif və səhiyyə komissarlarının müavini, "Maarif və mədəniyyət" jurnalının redaktoru, Mərkəzi İcraiyyə Komitəsinin katibi, Azərbaycan Dövlət Universitetinin rektoru işləyib. «Ağanın kənizi», «Azadlıq üçün cinayət», «Aldanmış ümid», «Əzab qorxusu» və s. kitabların müəllifidir. Repressiya qurbanı olub.
   2 iyul 1893 - Tanınmış heykəltəraş, Azərbaycan SSR-in Əməkdar incəsənət xadimi, SSRİ-nin Xalq rəssamı Pinxos Vladimiroviç Sabsay (1893 - 25.7.1980) Odessada doğulub. 1926-cı ildən Bakıda yaşayıb. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində dərs deyib. M.F.Axundzadənin heykəlinin, S.Vurğunun ev-muzeyi üçün monumental portretin və s. əsərlərin müəllifidir.
   2 iyul 1921 - Azərbaycanda müəllim kadrlar hazırlayan ilk ali məktəb - Kişi Pedaqoji İnstitutu yaradılıb. Sonralar V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu adlanıb, hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetidir.
   2 iyul 1922 - Azərbaycan SSR hökuməti (Mərkəzi İcraiyyə Komitəsi) yanında Yeni Türk Əlifbası Komitəsi təşkil olunub. Bir il sonra, 1923-cü il oktyabrın 20-də Azərbaycan MİK "Yeni Azərbaycan əlifbasının dövlət əlifbası kimi tanınması haqqında" dekret qəbul etdi. Latın qrafikalı əlifbaya tam keçid 1929-cu ildə reallaşdı. 1939-cu ildə onu kiril əlifbası əvəzlədi.
   
   3 iyul 1920 - Azərbaycan SSR İnqilab Komitəsi (müvəqqəti hökumət) respublikada kinematoqrafiya müəssisələrinin milliləşdirilməsi haqqında dekret qəbul edib.
   3 iyul 1940 - Tanınmış pianoçu, Xalq artisti, professor Zöhrab Əfrasiyab oğlu Adıgözəlzadə (1940 - 24.5.2012) Bakıda doğulub. Bakı Musiqi Akademiyasının professoru olub, Əskişəhər (Türkiyə) Anadolu Universitetinin Dövlət Konservatoriyasında kafedra müdiri işləyib.
   3 iyul 1963 - Kinorejissor, Əməkdar incəsənət xadimi Cəmil Elşad oğlu Quliyev Bakıda anadan olub. Filmləri: “Alma almaya bənzər” (aktyor), “Şirbalanın məhəbbəti” (rejissor) və s. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorudur.
   
   Dünya
    
   29 iyun 1900 - Fransız yazıçısı, şair Antuan de Sent-Ekzüperi (Antoine Marie Roger Vicomte de Saint-Exupery; 1900-1944) anadan olub. Peşəkar təyyarəçi olub. “Gecə uçuşu”, “Külək, qum və ulduzlar”, “Hərbi təyyarəçi”, “Balaca şahzadə”, “Qəsr” romanları və s. əsərlərin müəllifidir.
    
   30 iyun 1789 - Fransız rəssamı Horas Verne (Horace Emile Jean Vernet; 1789-1863) anadan olub. Müharibə mövzusunda tabloların müəllifi və portret ustası kimi tanınıb.
   30 iyun 1911 - Polyak şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1980) Çeslav Miloş (Czeslaw Milosz, 1911-2004) anadan olub. 
    
   1 iyul 1646 - Alman idealist filosofu, tarixçi, dilçi və riyaziyyatçı Qotfrid Vilhelm Leybnis (Gottfried Wilhelm Leibniz, 1646-1716) anadan olub.
   1 iyul 1804 - Fransız yazıçısı Jorj Sand (əsl adı - Amandina Avrora Düpen; George Sand - Amantine-Aurore-Lucile Dupin de Francueil, 1804-1876) anadan olub. Romanları: “Roz və Blanş”, “İndiana”, “Leliya”, “Konsuelo” və s. 
   1 iyul 1902 - Amerika rejissoru Uilyam Uayler (William Wyler; 1902-1981) anadan olub. “Roma tətili”, “Həyatımın ən yaxşı illəri” və s. filmləri çəkib, üç dəfə “Oskar”a layiq görülüb.
   1 iyul 1909 - Məşhur gürcü aktyoru, SSRİ Xalq artisti Serqo Zakariadze (1909-1971) Bakıda doğulub. “Keto və Kote”, “Əsgər atası” və s. filmlərdə çəkilib.
   
   2 iyul 1877 - Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1946) Herman Hesse (Hermann Hesse, 1877-1962) anadan olub. Əsərləri: “Təkər altında”, “Çöl canavarı”, “Şərq ölkəsinə ziyarət”, “Muncuq oyunu” və s.
   2 iyul 1923 - Polyak şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1996) Vislava Şimborska (Wislawa Szymborska, 1923 - 1.2.2012) anadan olub. “Son və əvvəl”, “Yüz ...” və s. kitabların müəllifidir.
   2 iyul 1961 - Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1954) laureatı Ernest Heminquey (Ernest Miller Hemingway; 21.7.1899 - 1961) dünyasını dəyişib. Əsərləri: "Kişisiz qadınlar", "Əlvida, silah", "Əcəl zəngi" (roman), "Qoca və dəniz" (povest) və s.
   
   3 iyul 1883 - Yəhudi əsilli çex-alman yazıçısı, filosof Frans Kafka (Franz Kafka, 1883 - 3.6.1924) Praqada doğulub. Əsərləri: “Bir xanımın xülasəsi”, «İtaətkarla söhbət», «Çevrilmə», «Qəsr», «Kənd həkimi», «Qətl» və s.
   3 iyul 1962 - Amerikalı aktyor, rejissor Tom Kruz (Thomas Cruise Mapother) anadan olub. Filmləri: “Riskli biznes”, “Geniş bağlanmış gözlər” və s.
   
   Hazırladı: Vüqar Orxan