Xəbər verdiyimiz kimi, Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi "Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin birgə layihəsi əsasında Brüsseldə gənc azərbaycanlı rəssamların sərgisi keçirilib.
“Azərbaycan - tolerantlıq diyarı” adlı sərginin növbəti nümayişi Lüksemburqda təşkil olunub.
Səfirlikdən verilən məlumata görə, Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Mədəniyyət Cəmiyyətində keçirilən sərgidə 24 gənc rəssamın 84 əsəri yer alıb. Burada həmçinin məşhur azərbaycanlı rəssam Sakit Məmmədovun əsərləri nümayiş olunub. Sərginin təşkilinə səfirlik və AZAL dəstək veriblər.
Açılışda çıxış edən “Qarabağ” Mədəniyyət Cəmiyyətinin vitse-prezidenti Eva Rodik tədbirin önəmini vurğulayıb. Səfir Fuad İsgəndərov Azərbaycanın dünyada qədim tarixə və mədəniyyətə malik olan, eyni zamanda möhkəm tolerant ənənələri və multikultural dəyərləri olan bir ölkə kimi tanındığını vurğulayıb.
Diplomat belə layihələrin gənc istedadların üzə çıxmasına, Azərbaycan rəssamlıq sənətinin dünyada tanıdılmasına töhfə verdiyini qeyd edib. Sonra səfir tərəfindən iştirakçı rəssamlara sertifikatlar təqdim olunub.
Tədbirdə Lüksemburqda yaşayan Azərbaycan diasporunun üzvləri, diplomatik korpusun nümayəndələri, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.