Vaqifin 300 illiyi münasibətilə ədəbi-bədii kompozisiya təqdim edildi
   
   İyulun 4-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi çərçivəsində “Xəyalını xəyalıma saz eylə” adlı ədəbi-bədii kompozisiya təqdim edildi.    
   Tədbir Molla Pənah Vaqifin 300 illiyi haqqında Prezident İlham Əliyevin 2017-ci il 12 yanvar tarixli sərəncamına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə gerçəkləşdi.
   Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elman Məmmədov çıxış edərək tədbirin əhəmiyyətindən söz açdı. O, dövlət başçısının müvafiq sərəncamı əsasında Vaqifin yubileyi münasibətilə reallaşan silsilə tədbirlərdən bəhs edərək vurğuladı ki, bu qəbildən olan “Xəyalını xəyalıma saz eylə” kompozisiyası regional idarənin tabeliyindəki İmişli rayon Mədəniyyət mərkəzi və Uşaq musiqi məktəbinin kollektivinin birgə səyi ilə ərsəyə gəlib.
   Sonra səhnə əsəri təqdim edildi. Ssenari müəllifi Sənəm Məmmədli, quruluşçu rejissoru Sərvər Şirinov olan səhnə əsərində muğam, vokal, aşıq və teatr sənətinin improvizə edilmiş sintezi öz əksini tapıb.
   Maraqlı səhnə dekorasiyası, ifaçıların hadisələri inandırıcı ştrixlərlə təqdim etməsi kompozisiyanı daha cazibəli edib, tamaşaçılara Vaqif yaradıcılığının möhtəşəmliyi real və parlaq cizgilərlə çatdırılıb. Dünənimizdən bu günümüzə boylanan və müasir dünyamızla səsləşən Vaqif poeziyası qonaqların zövqünü oxşayıb, kompozisiya alqışlarla qarşılanıb. Qeyd edək ki, təqdim edilən kompozisiyada şairin “Durnalar”, “Şamama”, “Sevmişəm”, “Bəri bax”, “Ayrıldıq”, ”Ağlarsan”, “Hayıf ki yoxdur” və digər bədii nümunələrindən istifadə edilib.
   
   Lalə Azəri