Akademik Milli Dram Teatrı bu mövsümə iyulun 9-da “Qarabağnamə” tamaşası ilə yekun vuracaq. Başa çatmaqda olan mövsüm yaradıcı heyət üçün əlamətdar hadisələrlə yadda qalıb. Teatrın mətbuat xidmətindən bildirilib ki, bu mövsümdə “Almaz”, “Çipollino”, “Buzlar ölkəsində”, “Vəsiyyət”, “Kosanın qızı” və “Aldanmış ulduzlar” tamaşalarının premyeraları gerçəkləşib.
Xalq yazıçısı Elçinin “Cəhənnəm sakinləri” əsəri əsasında hazırlanan yeni tamaşanın məşqləri bitib, sentyabrda tamaşanın premyerası nəzərdə tutulur.
Məşq prosesində olan növbəti səhnə əsəri isə Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanı əsasında hazırlanacaq “Qətibə İnanc” tamaşasıdır. Tamaşaya Xalq artisti Mərahim Fərzəlibəyov dramaturq Çingiz Ələsgərlinin “Qılınc və qələm” romanının motivləri üzərində yazdığı pyes əsasında quruluş verir.
Avqust ayında Milli Dram Teatrı Bolqarıstanın Varna şəhərində Beynəlxalq monotamaşalar festivalında iştirak edəcək. Festivalda rejissor Anar Sadıqovun Əməkdar artist Ayşad Məmmədovun “İuda” monopyesi əsasında hazırladığı tamaşa təqdim olunacaq. Səhnə əsərində Ayşad Məmmədov çıxış edəcək.