İyulun 7-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda “Turan” adlı rəsm sərgisi açılacaq. Sərgidə Azərbaycan, Türkiyə və Qazaxıstandan olan fırça ustalarının əsərləri nümayiş ediləcək.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı və Uluslararası Sənətkarlar və Sənətçilər Dərnəyinin təşkilatçılığı ilə gerçəkləşəcək sərgidə rəngkarlıq, qrafika, keramika miniatür janrlarında olan əsərlər təqdim olunacaq. Doqquz rəssamın 30-dək əsərinin nümayiş ediləcəyi sərgi bir həftə davam edəcək. Sərginin kuratoru Uluslararası Sənətkarlar və Sənətçilər Dərnəyinin Azərbaycan üzrə təmsilçisi İlqar Əkbərovdur.