İyulun 3-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski ilə görüşüb.
Fondun fəaliyyətindən söz açan G.Əfəndiyeva macarların tarixən türkdilli xalqlar ilə bağlılığını, bir çox ortaq adət-ənənə və mədəni dəyərləri bölüşdüyünü bildirib. O, Macarıstanda türkologiyanın inkişafını və bu sahədə bir çox elmi araşdırmaların aparılmasını qeyd edərək bu ölkə ilə əlaqələrin inkişaf perspektivlərindən bəhs edib.
Səfir İ.Laslotski Fondun türkdilli xalqların tarixi-mədəni irsinin qorunması və təşviqi istiqamətində fəaliyyətinin əhəmiyyətini vurğulayıb, gələcəkdə Macarıstanla birgə layihələrin həyata keçirilməsinə dəstəyini ifadə edib.
Fondun Macarıstanın qurum və təşkilatları ilə əməkdaşlıq məsələsinə dair qarşılıqlı fikir mübadiləsi aparılıb.