İyunun 27-də Tbilisi şəhərində görkəmli ictimai-siyasi xadim, yazıçı, publisist, həkim Nəriman Nərimanovun (1870-1925) xatirə muzeyinin bərpadan sonra açılışı keçirilib. Layihə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyinin dəstəyi ilə həyata keçirilib
   Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Giorqadze, Azərbaycanın Tbilisidəki səfiri Dursun Həsənov, Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, ölkəmizin Batumidəki konsulu Rəşad İsmayılov, digər rəsmilər, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Azadə Hüseynova, nazirliyin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin sektor müdiri Pakizə Almazova, Nəriman Nərimanovun Bakıdakı xatirə muzeyinin direktoru Kamilə Hüseynova iştirak ediblər. 
   SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Gürcüstan mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Giorqadze muzeyin rəmzi açılışını bildirən lenti kəsiblər. Sonra qonaqlar ədibin həyat və yaradıcılığını, ictimai-siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
   Tədbirdə N.Nərimanovun ömür yolundan söz açılıb, ictimai-siyasi və ədəbi fəaliyyətinə nəzər salınıb. Muzeyin Tbilisidə fəaliyyət göstərməsinin əhəmiyyəti vurğulanıb. Mədəniyyət ocağının xarici turistlərin, ziyalıların, Gürcüstanda yaşayan azərbaycanlıların ziyarət və görüş yerinə çevriləcəyi bildirilib.
   Yenidən qurulmuş ikimərtəbəli bina 6 ekspozisiya otağından ibarətdir. Muzeyin qonaqları interaktiv ekran vasitəsilə N.Nərimanov haqqında məlumatları əldə edə bilərlər. Ədibin binanın həyətində qoyulmuş mərmər büstünün müəllifi heykəltəraş Novruz Musayevdir.
   
   Lalə Azəri