Hamlet Xanızadə - 70
   
   Sənətin keşiyində duran, onu daim yüksəkliklərə qaldıran aktyorlar bu məsləyi həyat amalı kimi seçirlər. Kinoda, teatr və televiziya tamaşalarında unudulmaz obrazlar yaradan Hamlet Xanızadə də belə aktyorlardan idi.
 
  
   Hamlet Xanızadə 1941-ci il iyunun 5-də Bakının Sağan qəsəbəsində dünyaya göz açmışdı. Uşaqlıqdan teatra, kinoya maraq göstərən Hamletin qəlbindəki sənət həvəsi onu Dövlət İncəsənət İnstitutuna gətirir. İstedadlı gəncin aktyorluq məharəti institut illərindən özünü qabarıq göstərir. 1961-ci ildə o, Akademik Milli Dram Teatrına aktyor kimi işə düzəlir. Onun səhnədə oynadığı rollar (“Dəli yığıncağı”nda Molla Abbas, “İblis”də İblis və s.) bütünlükdə teatrın repertuarına uğur gətirir, tamaşaların anşlaqla keçməsinə səbəb olurdu.
   Hamlet Xanızadə kinoya 1960-cı illərin sonunda gəldi. Aktyor kinoda irili-xırdalı rolları ilə ildən-ilə məşhurlaşır, tamaşaçıların sevimlisinə çevrilirdi. Onun yaradıcılıq filmoqrafiyasına 80-ə yaxın ekran əsəri daxildir, bu filmlərdə rəngarəng obrazlar qalereyası var: İmaş (“Arxadan vurulan zərbə”; rej. A.Babayev), Sədi əfəndi (“Qətl günü”; rej. G.Əzimzadə), xəlifə Mötəsim (“Babək”; rej. E.Quliyev), Talıbov (“Axırıncı aşırım”; rej. K.Rüstəmbəyov), Qiyas Zeynallı (“İmtahan”; rej. G.Əzimzadə, Ş.Ələkbərov), zavod direktoru (“Yaramaz”; rej.V.Mustafayev) və s. Onun yaratdığı obrazların cilalanmış xarakterləri, aktyor ifasındakı şərhi bizə personajların həyata baxışlarını açıqlayır, rejissor ideyasını dəqiq çatdırır. Məsələn, tarixi janrda çəkilən “Babək” filmində aktyorun canlandırdığı xəlifə Mötəsim obrazı həddən artıq orijinal üslubda işlənib. Filmin finalında Babəklə xəlifə Mötəsimin görüşünü xatırlayaq. Mötəsim Azərbaycan xalqının qəhrəman oğlu , görkəmli sərkərdə Babəkin üzünə baxır və diksinərək gözləri bərəlmiş halda geri çəkilir. O, Babəkin kinli, qəzəbli baxışlarında bütöv bir xalqın ona qarşı çevrilən nifrətini, hiddətini oxuduğunu psixoloji maneralarla bir saniyədə tamaşaçıya çatdırır. O, bu obrazın qorxaqlığını, əqli zəifliyini göstərməklə, Babəkdən sonra da xalqına etdiyi zülmlər haqqında tamaşaçını düşünməyə vadar edir. Nisbətən epizodik, eyni zamanda yaddaqalan bu obraz “Babək” filminin ideya xəttinin daha dolğun təqdim olunmasına şərait yaradır. Minlərlə günahsız insanların taleyinə bir anda qərar verən, qətllər gerçəkləşdirən xəlifə Mötəsimin qəddar, qorxaq siması aktyor ifaçılığında xırdalıqlarına qədər cilalanır, açılır.
   Aktyorun “İmtahan” filmində yaratdığı Qiyas Zeynallı obrazı da hər dövr üçün aktual olan problemin (rüşvətxorluq) mahiyyətini açır. İnstitut müəllimi olan Qiyas Zeynallı qarşısına çıxan sədlərə baxmayaraq, müqəddəs müəllimlik şərəfinə ləkə gətirməmək üçün, ona tapşırılan tələbələrə yalançı yox, əsl “layiq olduqları” qiymətlərini verir. İctimai bərabərsizliyə həmişə öz nifrətini bildirən Qiyas Zeynallının imtahan vaxtlarında keçirdiyi həyəcanlarını, cəmiyyətdə sosial bərabərsizlik yaradan insanlara qarşı olan nifrətini aktyor pafoslu çıxışlarla yox, psixoloji sarsıntılarla tamaşaçılara çatdırır. Mən deyərdim ki, onun yaratdığı hər bir rol sağlamlığının bir hissəsini, zərrəsini qoparırdı. Çünki onun bütün yaradıcılığı başdan-başa emosional ifa, dəqiq mizan, səlist maneralarla zəngindir. Bu isə aktyorun gecəli-gündüzlü rol üzərində çalışması, mütaliəsi, zəngin dünyagörüşü deməkdir.
   Hamlet Xanızadə insan sərrafı idi. Onun oynadığı mənfi rolların belə həyat fəlsəfəsi bizi düşündürür. Məsələn, “Arxadan vurulan zərbə” filmində aktyorun yaratdığı İmaş obrazı müəyyən səhvlərinə görə həbsxana həyatı yaşamış bir insan prototipidir. O, azadlığa çıxsa da, daim düşüncəli və qəmgindir. Sanki gəncliyinin hansısa səhvi onun bütün həyatına kölgə salıb. İnsanlar ondan çəkinirlər, ona etibar edib heç bir yerdə iş vermirlər, baş verən cinayətlərin hər birinə görə onu sorğu-suala çəkirlər. O, artıq cəmiyyətdən təcrid edilmiş bir şəxsdir. İmaşın müstəntiq Gündüzlə (akt. Şahmar Ələkbərov) olan 3-5 dəqiqəlik monoloqunda biz peşmanlığını büruzə vermək istəməyən, tənha, qəribə xarakterli insanın bütöv bir taleyini oxuyuruq, onun simasında cahilliyin acısını yaşayan insanların aqibətini görürük.
   Aktyorun “Axırıncı aşırım” filmində oynadığı Talıbov rolu da kinomuzun yaddaqalan obrazlarındadır. Talıbov mövcud vəziyyətdə şəraitdən çıxmağı bacaran soyuqqanlı bir insandır. Film gərgin hadisələrlə zəngindir. Hər bir cinayət cəzasız qalmadığı kimi, onu törədənlərin, qolçomaqların da qarşısını ala biləcək soyuqqanlı, ağıllı insanların olduğunu Talıbovun obrazında, onun replikalarında, hərəkətlərində görürük.
   Onun filmlərə həkk olunan orijinal yaradıcılığı tamaşaçı ilə ünsiyyətə girir, dövrünün problemlərinə cavab axtarır, ədəbi əsərlərin sosial təsir gücünü qüvvətləndirirdi. İstedadlı aktyor yaratdığı obrazların bədii təcəssümünə müxtəlif aspektlərdən yanaşır, sətiraltı mənaları ironiyalı replikaları ilə dəqiq verir, personajın prinsipial mövqeyini bildirirdi. Belə aktyor yaradıcılığı həmişə filmlərə uğur qazandırıb.
   Hamlet Xanızadənin yaratdığı obrazların çoxu həyatda rastlaşdığımız, çox vaxt əhəmiyyət belə vermədən yanından ötüb keçdiyimiz real personajlardır. Onları başa düşmək, həyatlarını öyrənmək heç də asan deyil. Bu mənada ətrafımız bizə yaxın olduğu qədər uzaq, filmlərdəki qəhrəmanlar isə uzaq olduğu qədər yaxındır. Deməli, həyatı bizə öyrədən kino, insan xarakterlərini aktyor yaradıcılığında cilalayan isə Hamlet Xanızadə kimi qəlblərimizi gözlərimizdən oxuyan filosof aktyorlardır.
   Hamlet Xanızadə 1990-cı il fevralın 23-də 48 yaşında Bakıda vəfat etdi. Onun səhnədən və ekrandan görünən bütün yaradıcılığı bir məktəbdir. O, ölümündən sonra belə oynadığı rollarında insanlara və həyata olan diqqətini, sevgisini hiss etdirir. Bunu bizə bütün varlığı, istedadı ilə yaratdığı rolları bəyan edir.
   
   Şəhla Bürcəliyeva,
   kinoşünas







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar