İyunun 30-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə Rəqəmsal ticarət qovşağının (www.dth.azexport.az ) təqdimatı keçirilib.
Layihə ölkə başçısının “Rəqəmsal ticarət qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 23 fevral tarixli fərmanının icrası ilə əlaqədar reallaşdırılıb.
İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycan faktiki olaraq müsəlman və türk aləmində ilk Rəqəmsal ticarət qovşağını təqdim edir. Layihədə Böyük Britaniya, Estoniya, Malayziya və başqa ölkələrin qabaqcıl təcrübəsi nəzərə alınıb.
Rəqəmsal ticarət qovşağı elektron pul kisəsi və elektron imza, o cümlədən ASAN imzanı qeyri-rezidentlərə təqdim etməklə sahibkarların xarici tərəfdaşlarla əlaqələrini daha da asanlaşdıracaq. Bundan başqa, qovşaq qeyri-rezidentlərə elektron imza, o cümlədən, ASAN imzadan istifadə edərək Azərbaycanda müəssisə, bank hesabları açmağa, idxal-ixrac əməliyyatları həyata keçirməyə imkan verəcək. Portal vasitəsilə mədəni sərvətlərin ixracı üçün mədəni sərvətin mühafizə şəhadətnaməsinin alınması da mümkün olacaq.