Şəkinin tarixi hissəsinin Dünya irsi siyahısına daxil edilməsi məsələsinə də baxılacaq
   
   İyulun 3-də Polşanın Krakov şəhərində UNESCO-nun Dünya İrs Komitəsinin 41-ci sessiyası işə başlayıb.
   Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimovun başçılığı ilə Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, Dünya İrs Komitəsində ölkəmizin eksperti Rizvan Bayramov, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının üzvlərindən ibarət nümayəndə heyəti təmsil edir.
   Açılış mərasimində Polşa Prezidenti Ancey Duda, UNESCO-nun baş direktoru İrina Bokova, ölkənin mədəniyyət və milli irs naziri Pyotr Qlinski çıxış ediblər.
   Sessiya çərçivəsində dünya mədəni və təbii irsinə dair 200-dək qərar qəbul olunacaq. Təqdim edilmiş 34 məkandan bəzilərinin UNESCO-nun Dünya irsi siyahısına salınması barədə qərar qəbul ediləcək. Həmçinin, Dünya İrs Komitəsi daha öncə siyahısına salınmış 99 yerin qorunma vəziyyəti, habelə təhlükə altındakı obyektlərin vəziyyəti ilə bağlı müzakirələr aparacaq. Sessiya çərçivəsində Suriyanın Hələb şəhərinin sakinləri üçün xeyriyyə aksiyası keçiriləcək.
   Qeyd edək ki, UNESCO-nun Dünya İrs Komitəsinə 21 ölkə daxildir. Azərbaycan komitəyə 2015-ci ildə üzv seçilib. Polşa 2013-cü ildən komitəyə sədrlik edir və sədrlik müddəti bu il başa çatır.
   Dünya İrs Komitəsinin direktoru xanım Meçdild Rossler sessiyada çıxışında “Hərbi münaqişə zamanı mədəni irsin qorunmasına dair Hərbi Bələdçi”nin hazırlanması və nəşrinə göstərdiyi dəstək və maliyyə töhfəsinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.
   Qeyd edək ki, Azərbaycandan İçərişəhər, Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə, eləcə də Qobustan Milli tarix-bədii qoruğu Dünya irsi siyahısına daxil edilib. İclasda Azərbaycan tərəfinin təklifinə əsasən “Xan sarayı ilə birgə Şəkinin tarixi hissəsi”nin UNESCO-nun Dünya irsi siyahısına daxil edilməsinə dair namizədlik sənədi də müzakirə olunacaq.