Xəbər verdiyimiz kimi, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Mədəniyyət və Turizm Nazirliyinin İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi ilə birgə icra etdiyi Tvinninq layihəsi çərçivəsində nazirliyin iki əməkdaşı 5-23 iyun tarixində İtaliyanın Florensiya şəhərində səfərdə olub.
“Mədəniyyət sektorunun idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı layihə üzrə işçi qrupunun üzvləri, nazirliyin Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət sektorunun baş məsləhətçisi Nərgiz Abdullayeva və Hüquq sektorunun aparıcı məsləhətçisi Qiyafət Xeyirxəbərli Florensiyada fəaliyyət göstərən və Vecchio sarayının idarəetməsinə cavabdeh olan Mus.E Assosiasiyasında təlim-təcrübə proqramında iştirak ediblər.
İştirakçılar tərəfindən Mus.E Assosiyasının rəhbərliyi ilə aparılmış danışıqlar nəticəsində Florensiyanın Vecchio sarayında Azərbaycana həsr olunmuş geniş təqdimat təşkil olunub. Təqdimatda Bakıda fəaliyyət göstərən muzeylərə, müasir incəsənət mərkəzlərinə geniş yer ayrılıb. Paytaxt Bakı və turistik baxımından ən çox inkişaf etmiş bölgələrimiz barədə söz açılıb, fotoşəkillər nümayiş etdirilib.
Tədbir iştirakçılarına Azərbaycan Milli İncəsənət və Xalça muzeyləri haqqında geniş məlumat verilib. Muzeylərin binaları, ekspozisiyaları, kolleksiyaları, təşkil olunan sərgilər, festivallar, məktəblərlə aparılan işdən bəhs edilib. Bundan əlavə, Bakı şəhərində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, Müasir İncəsənət Muzeyi və YARAT Müasir İncəsənət Mərkəzinin də fəaliyyətindən bəhs edilib.
Bu ilin oktyabr ayında Bakıda keçiriləcək V Beynəlxalq Azərbaycan xalçası simpoziumu barədə də məlumat verilib, simpoziumun internet səhifəsi təqdim olunub.
Tədbirdə Azərbaycan muğam sənətinin ecazkarlığı diqqətə çatdırılıb. Bakı Media Mərkəzi tərəfindən çəkilmiş “Yurdum” adlı videoçarx və dünya şöhrətli muğam ustadı, Xalq artisti Alim Qasımovun ifasında səslənilən “Sarı gəlin” Azərbaycan xalq mahnısı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Sonda iştirakçılara Azərbaycan mədəniyyətinə həsr olunmuş nəşr örnəkləri paylanılıb.
L.Azəri