Əhmədağa Muğanlı - 85
   
   O, böyük şair Xəqaninin belə bir fikrini yeri düşəndə söyləməyi xoşlayırdı: “Öz ürəyimi sındıra bilərəm, ancaq başqasının ürəyinə toxunmaram. Bu məndə uşaqlıqdan adətdir”.
      
   Dövlət mükafatı laureatı, Əməkdar mədəniyyət işçisi, tanınmış nasir və kinodramaturq Əhmədağa Əkbər oğlu Muğanlı (Qurbanov) bütün ömrü boyu sadə həyat tərzi keçirib. Heç kimin qarşısında gözükölgəli olmayıb. Yazıb-yaradıb, qələminin fəhləsi olub, çəkdiyi zəhməti müqabilində istər ədəbiyyat, istərsə də kinematoqrafiya sahəsində peşəkar sənətkar kimi tanınıb. Həyatda elə sənət, elm adamları var ki, şəxsiyyəti və vicdanı ilə yaradıcılığı, yazıb-yaratdıqları uyğun gəlmir. Amma Əhmədağa Muğanlının şəxsiyyəti ilə yaradıcılığı vəhdət təşkil edirdi. Elə buna görə də ədiblər, kino işçiləri və müxtəlif peşə adamları onu sevir, ona hörmət edirdilər.
   Əhmədağa Muğanlı 1926-cı il mayın 10-da Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuş, ibtidai təhsilini doğma kəndində, orta təhsilini isə Xırmandalı kənd məktəbində almışdır. Böyük Vətən müharibəsi başlayanda (1941) şəhər və kəndlərimizdə müəllim çatışmadığından 9-cu sinif şagirdi Əhmədağanı əlaçı olduğu üçün dörd aylıq kursa göndərib, pedaqoji fəaliyyətə cəlb etmişlər. Lakin 10-cu sinifdə ikən o, səfərbərliyə alınmış, 1944-1946-cı illərdə ordu sıralarında əsgəri xidməti borcunu yerinə yetirmişdir. Əsgər həyatından sonra təhsilini uğurla başa vurmuş, orta məktəbi gümüş medalla bitirmiş, daha sonra 1947-1952-ci illərdə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır.
   Universiteti bitirən Ə.Muğanlı əmək fəaliyyətinə “Bakı kommunisti” qəzetində müxbir kimi başlamış, az sonra Bakı kinostudiyasında işə qəbul olunmuşdur. 1953-cü ildən təqaüdə çıxana kimi (1993) kinostudiyada çalışmış, 46 il ssenari şöbəsinin redaktoru, Xronikal-Sənədli və Elmi-Kütləvi Filmlər Birliyinin baş redaktoru vəzifələrində işləmiş, ssenari-redaksiya kollegiyasının üzvü olmuşdur.
   Ədəbi fəaliyyətə 25 yaşında başlamışdır. 1951-ci ildə “İnqilab və mədəniyyət” jurnalının 10-cu nömrəsində onun “Biz qol çəkirik ki...” hekayəsi dərc olunmuşdur. Sonrakı illərdə 11 kitabı, o cümlədən “Vicdan”, “Şəhriyar əfsanəsi”,“Şikəstə”, “Gecikmiş etiraf”, “Dağ-dağa söykənər”, “Tikanlı məftillər”, “Çobanbayatı”, “Ömürdən yeddi yarpaq” və s. əsərləri işıq üzü görür.
   Əhmədağa müəllim kinostudiyada işlədiyi dövrdə çoxlu sayda bədii və sənədli filmin, dövrü kinojurnalların redaktoru olmuşdur. Redaktor kimi çox peşəkar idi. “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Koroğlu”, “Böyük dayaq”, “Əhməd haradadır?”, “Dədə Qorqud”, “Xoşbəxtlik qayğıları”, “Sevinc buxtası”. “Arxadan vurulan zərbə”, “Babək”, “Qızıl uçurum”, “Nizami”, “Əlaqə” bədii filmlərinin ssenarisi onun redaktor süzgəcindən keçmişdi.
   O, 30-a qədər sənədli filmin - “Azərbaycan... Azərbaycan...” (C.Əlibəyovla birgə), “Alagöz yaylağında”, “Muğanın dastanı”, “Çobanbayatı”, “Məndə sığar iki cahan...” (X.Muradovla birgə), “Vətən sizə arxalanır”, “M.F.Axundov”, “Sabir”, “Nizami”, “Mən sərhədçiyəm” və s. kinolentlərin ssenari müəllifidir. Bu filmlərdə Azərbaycan tarixinin keçmişi və bu günü, onun igid oğulları, kənd həyatı, bərəkətli torpağı, Vətənin sərhədlərini qoruyan sərhədçilərin, Azərbaycan ədəbiyyatı klassiklərinin, Azərbaycanın tanınmış əmək və elm adamlarının həyatı bütün dolğunluğu ilə öz əksini tapmışdır.
   Onun ssenariləri əsasında beş bədii film - “Dağlarda döyüş”, “Od içində”, “Qocalar...qocalar...”, “Atları yəhərləyin” (S.Rüstəmlə birgə), “Doğma sahillər” çəkilmişdir. Bu kino əsərlərində müəllif sərhədçilərimizin çətin, lakin şərəfli işindən, Vətən qarşısında xidməti borclarını sədaqətlə yerinə yetirmələrindən, müasir kənd əməkçilərinin gündəlik qayğılarından, arzu və istəklərindən, xalq qəhrəmanı Qaçaq Nəbidən, xalqımızın Cənubi Azərbaycanla bağlı dərdlərindən söz açmışdır.
   “Dağlarda döyüş” hərbi-vətənpərvərlik filmi Ə.Muğanlının məşhur “Tikanlı məftillər” povesti əsasında ekranlaşdırılmışdır. Valideyn məhəbbəti ilə vətənə, vəzifə borcuna sədaqətin qarşılıqlı olması, amma vətənin hər şeydən uca tutulması filmin əsas qayəsidir. Filmdə Böyük Vətən müharibəsində əsir düşən, müharibədən sonra isə Sovet İttifaqındakı repressiya maşınının qurbanı olmaqdan çəkinərək vətənə qayıtmayan, qəriblikdə yaşayan atanın illər sonrası sərhəddə doğma oğlu (sərhədçi Fərrux) ilə görüşü çox təsirlidir. Bu, ayrı-ayrı dünyagörüşünə malik iki insanın görüşü, baxışların toqquşmasıdır. Müəlliflər oğul Fərruxun simasında gənclərimizin Vətənə məhəbbət və sədaqət hissini göstərməyə müvəffəq olmuşlar.
   Əgər “Dağlarda döyüş” Ə.Muğanlının böyük kinoda ilk işidirsə, “Doğma sahillər” filmi onun son işidir. Siyasi-detektiv janrında çəkilən bu film də sərhədçilər, onların həyat tərzi, qəhrəmanlıqları haqqındadır. Sistemləri, ideologiyaları müxtəlif olan iki qonşu dövlət - İran və Sovet İttifaqı (Azərbaycan) - sərhəddə birgə iri su-elektrik stansiyası inşa etməyə hazırlaşır. Lakin bu əməkdaşlıq Qərb dairələrində müsbət qarşılanmır. Müxtəlif yollarla tikintini dayandırmağa çalışırlar. Sərhədçilərin təxribat törətməyə can atan düşmənlərlə mübarizəsi filmin əsas süjet xəttini təşkil edir.
   Filmdə xalqımızın Cənubi Azərbaycanla bağlı dərdlərinə də toxunulmuşdur. Bu xətt Araz və Aşıq Həsrət obrazları vasitəsilə göstərilmişdir.
   Ə.Muğanlı sərhədçilərlə bağlı əsərlər yazmağının səbəbini belə izah etmişdir: “Mən sərhəd rayonunda böyümüşəm. Gözümü açıb sərhəd, sərhədçi görmüşəm. Tale elə gətirib ki, 1944-1946-cı illərdə sərhəd qoşunlarında qulluq eləmişəm; sərhədçi həyatının çətinliklərini də, romantikasını da, vətənin keşikçisi olmaq şərəfini də öz çiyinlərimdə hiss eləmişəm. Əlbəttə, mən belə bir mövzudan yan keçə bilməzdim”.
   Ə.Muğanlının 1977-ci ildə işıq üzü görən “Çobanbayatı” povesti oxucuların sevimli əsərlərindən biri oldu. Beş ildən sonra həmin povestin motivləri əsasında “Qocalar, qocalar” televiziya bədii filmi çəkildi.
   Filmin baş qəhrəmanı qoca çoban Bəhri həyatını təbiətin qoynundan, doğma kəndindən, qoyun-quzudan ayrı təsəvvür etmir. Buna baxmayaraq şəhərə köçmüş, yaxşı vəzifələrdə işləyən üç oğlu onu geniş çöllərdən ayırıb şəhərə gətirirlər. Lakin Bəhri övladlarının qayğıkeşliyinə baxmayaraq, şəhər həyatına alışa bilmir, doğma kəndi, dağları, tütək səsi üçün darıxır. Günlərin birində doğma dağ kəndinə, həmkəndlilərinin yanına qayıdır. Bəli, onun əsl yeri buradır, vaxtilə ocağını yandırdığı kəndindədir. Burada o özünü güclü, inamlı hiss edir və başa düşür ki, məhz burada o, insanlara lazımdır... Məhz doğma kəndində Bəhri kişi “Çobanbayatı”sını yenidən dilləndirir. Filmdə müəlliflər həyatın mənası, Vətənə məhəbbət, düzgün həyat yolu seçmək, cəmiyyətə xeyir vermək kimi çox vacib məsələlərə toxunurlar.
   Ə.Muğanlının şair S.Rüstəmlə birlikdə yazdıqları ssenari əsasında çəkilən, el qəhrəmanı Qaçaq Nəbidən bəhs edən “Atları yəhərləyin” tarixi-macəra filmi SSRİ Dövlət Kinematoqrafiya Komitəsi tərəfindən ümumittifaq ekranlarında nümayiş üçün qəbul olunmuşdu. Lakin film rus dilinə dublyaj olunmaq üçün “Mosfilm” kinostudiyasına təqdim edilsə də, xeyli müddət ekrana çıxmadı. Səbəb o idi ki, Ermənistandan Sov. İKP MK-ya, SSRİ Dövlət Kinematoqrafiya Komitəsinə filmin əleyhinə yüzlərlə məktub göndərilmişdi. Erməni alimləri hay-küy qaldırmışdılar ki, Qaçaq Nəbi guya “ermənilərin düşməni imiş, erməni kəndlərini talayıb aparıb verirmiş Türkiyə və İran feodallarına”. Mərkəzi orqanlar əsl həqiqəti öyrənmək əvəzinə filmin dublyajını dayandırmaq barədə göstəriş vermişdilər. Erməni tərəfini ovundurmaq, filmi xilas etmək üçün Qaçaq Nəbinin, Həcərin adlarını dəyişməyi təklif edirdilər. Filmin müəllifləri, əlbəttə, buna razı olmadılar. Respublikamızın ədəbi ictimaiyyətinin, tarixçilərimizin köməyi ilə uzun müddət mübarizə aparmalı oldular və həqiqəti sübut elədilər. Erməni “ziyalılarının” “qazancı” bu oldu ki, onların xətrinə dəyməmək üçün filmin ümumittifaq tirajını az verdilər.
   Film ümumittifaq ekranlarına buraxılandan sonra nəinki Azərbaycanda, həm də digər respublikalarda uğurla nümayiş etdirildi. 1986-cı ildə filmə görə yaradıcı qrupun üzvləri, o cümlədən Ə.Muğanlı Dövlət mükafatına layiq görüldülər.
   Ə.Muğanlı 2000-ci ilin əvvəllərində Azərbaycanın tarixi keçmişindən, xalqımızın azadlıq uğurunda apardığı qəhrəmanlıq mübarizəsindən bəhs edən bədii filmin ədəbi ssenarisini yazıb keçmiş “Azərkinovideo” İstehsalat Birliyinə təqdim etmişdi. Lakin bu idarədə filmi çəkmək üçün vəsait olmadığını bildirib ssenarini ona qaytarmışdılar.
   Bir neçə il əvvəl qəfil xəstəlik onu yatağa saldı. Bütün işləri yarımçıq qaldı. Yatağa düşməyi o qədər yox, danışa bilməməyi ona mənəvi əzab verirdi. Onu yoluxmağa gedəndə hər dəfə kövrəlirdi. Bəzi həmkarlarının unutqanlığı, yanına gəlib getməmələri isə xüsusilə bərk təsir edirdi.
   Kim bilir, dörd il yarım yataqda qalan yaradıcı insan - sənətkar nə barədə düşünürdü, fikrində nəyi götür-qoy edirdi? Bilmirik. Ancaq onu bilirik ki, Ə.Muğanlı cavanlığından çoxlu mütaliə edərdi. Nizaminin, Füzulinin, Cavidin əsərlərini əzbərdən söyləməyi xoşlayardı. Yəqin dahi Nizaminin bu misralarını fikrində dönə-dönə təkrar edib özünə təsəlli verərdi:
   
   Hərçəndi dünyada
    ölüm gerçəkdir,
   Ölüm, ölmək deyil,
    yer dəyişməkdir.
   
   Bəli, bu belədir. Eyni zamanda sənətkar elə bu dünyada da öz sənəti ilə əbədi yaşayır. Yazıçı və kinodramaturq Əhmədağa Muğanlının nəsr əsərləri, ssenariləri üzrə çəkilmiş filmlər, bu əsərlərin qəhrəmanları bundan sonra uzun illər onu yaşadacaqlar.
   
   Aydın Kazımzadə,
   Əməkdar incəsənət xadimi







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar