İşçi qrupun iclasında müzakirələr aparılıb
   
   “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 20 fevral 2016-cı il tarixli sərəncamının icrası, sərhədkeçmə prosedurlarının sadələşdirilməsinə dair mexanizm və təkliflərin hazırlanması, bununla bağlı beynəlxalq təcrübənin araşdırılması, eləcə də viza prosedurlarının asanlaşdırılması ilə bağlı təkliflərin hazırlanması məqsədilə işçi qrup yaradılıb. İyunun 30-da mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun sədrliyi ilə işçi qrupun iclası keçirilib.
   İclas zamanı sərəncamın icrası ilə bağlı görülmüş işlər barədə məlumat verilib. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən beynəlxalq əhəmiyyətli sərhəd buraxılış məntəqələrində turistlərin sürətli keçidinin təmin edilməsi üçün əlavə keçidin yaradılması və onların məlumatlandırılması məqsədilə məlumat lövhələrinin, həmçinin sərhəd buraxılış məntəqələrində hər hansı bir ödəmə və digər əməliyyatların həyata keçirilməsi üçün POS-terminalların quraşdırıldığı qeyd edilib.
   İclasın yekunu olaraq bu istiqamətdə işlərin davam etdirilməsi üçün işçi qrupun üzvləri arasında mütəmadi olaraq məlumat mübadiləsinin aparılması, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti əməkdaşlarının müştəri (turist) məmnuniyyətinin və xarici dil biliklərinin artırılması üzrə təlimlərin iyul ayından etibarən keçirilməsi və “Asan Viza” sistemi vasitəsilə viza verilən ölkələrin siyahısının genişləndirilməsi üzrə təkliflərin hazırlanması və digər məsələlər müzakirə olunub.