Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan rəqs sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti Xumar Rza qızı Zülfüqarova 2017-ci il iyulun 2-də, ömrünün 90-cı ilində vəfat etmişdir.
Xumar Zülfüqarova 1927-ci il noyabr ayının 15-də Bakı şəhərində görkəmli teatr və kino aktyoru Rza Əfqanlının ailəsində anadan olmuşdur. O, 1945-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirmişdir.
1945-1966-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, 1966-1978-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının solisti və bədii rəhbəri, Dövlət Rəqs Ansamblının yaradıcılarından biri, 1978-1988-ci illərdə Azərbaycan Dövlət Qastrol və konsert üzrə birliyin ilk baş baletmeysteri olmuşdur. Üzeyir Hacıbəylinin “Koroğlu” operası əsasında rəqs qurmuş, Qara Qarayevin “Yeddi gözəl” baletində çıxış etmiş, filmlərdə çəkilmişdir. “Şah İsmayıl”, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Leyli və Məcnun” operalarında rəqqasə qismində mahircəsinə çıxış etmişdir. Rusiya, İraq, ABŞ və Kanadanın müxtəlif şəhərlərində qastrol səfərlərində olmuş, Azərbaycan peşəkar rəqs sənəti nümunələrini nümayiş və təbliğ etmişdir.
1950-ci ildə Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyətə başlayan Xumar Zülfüqarova 60 il ərzində bir neçə nəsil rəqqas və xoreoqraf yetişdirmişdir. Bu gün Azərbaycan səhnəsinin parlaq ulduzlarının bir çoxu, respublikanın xalq və əməkdar artistləri onun yetirmələridir.
Xumar Zülfüqarovanın xoreoqrafiya və rəqs sənəti sahəsindəki fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, müstəqil Azərbaycanın ali təltiflərindən olan “Şöhrət” ordeninə layiq görülmüşdür.
Görkəmli rəqs ustası, tanınmış baletmeyster və səmimi insan Xumar Zülfüqarovanın əziz xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin.