Lənkəran Dövlət Dram Teatrının truppası İrandan qastrol səfərindən qayıdıb. Kollektiv 29-30 iyun tarixində qonşu ölkənin Parsabad şəhərində Bəhram Beyzayinin “İlan Sultan” tamaşası ilə çıxış edib.
   İranlı rejissor Xeyrullah Təğiyənipurun quruluş verdiyi səhnə əsərində iki gəncin saf məhəbbətindən, keşməkeşli hadisələrdən sonra vüsala yetmələrindən bəhs olunur. Rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, aparıcı artistlərdən Qızılgül Quliyeva, Miraslan Ağayev, Aynur Əhmədova, Səyad Əliyev, Emin Fərzullayev, Tərlan Abdullayev, Nizami Qurbanov, Şəbnəm Hüseynova, Gülər Kərimova, Rauf Zeynalov və digərləri ifa ediblər.
   Teatrın direktoru Tofiq Heydərovun sözlərinə görə, iki gün müddətində “İlan Sultan” tamaşasına Ərdəbil, Parsabad, Germi və digər şəhərlərdən mindən çox sənətsevər baxmaq imkanı qazanıb. Yaradıcı heyətə Parsabad Şəhər Mədəniyyət İdarəsinin fəxri fərmanları və xatirə hədiyyələri təqdim edilib. Tamaşa barədə İranın informasiya agentlikləri, qəzetləri, “Səhər” və “Seda Sima” televiziya kanalları məlumat yayıblar.
   Qeyd edək ki, bu, kollektivin İrana ikinci qastrol səfəridir. Teatr ötən ilin dekabrında Rəşt şəhərində də “İlan Sultan” tamaşası ilə çıxış edib. Lənkəran teatrı avqust ayında Tehran şəhərində keçiriləcək “Adət və Ənənə Teatr Festivalı”na da dəvət olunub.
   
   Ağaddin Babayev
   Lənkəran