İyulun 3-də ölkəmizin Ankaradakı səfirliyində Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə rəsmi qəbul keçirildi. Qəbulda Türkiyə Respublikası Silahlı Qüvvələrinin və Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, xarici ölkələrin Ankaradakı səfirliklərinin hərbi attaşeləri iştirak edirdi.
   Əvvəlcə iki ölkənin dövlət himnləri səsləndirildi.
   Tədbirdə çıxış edən Azərbaycanın Ankaradakı səfirliyinin hərbi attaşesi, polkovnik Müşfiq Məmmədov milli ordumuzun tarixindən bəhs etdi. Bildirdi ki, 26 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə ilk milli ordu hissəsi - Əlahiddə Azərbaycan Korpusu qurulub. Ordu quruculuğuna qardaş Türkiyə böyük dəstək verib. Cümhuriyyət hökumətinin tabeliyində olan hərbi qüvvələr türk (Osmanlı) ordu hissələri ilə birlikdə («Qafqaz İslam Ordusu») Nuru paşanın komandanlığı altında çiyin-çiyinə vuruşublar. Müstəqilliyin əldə olunmasından sonra da Azərbaycanda ordu quruculuğunda Türkiyənin böyük rolu olub. Azərbaycan bu gün Cənubi Qafqazda ən güclü orduya malikdir. Silahlı Qüvvələrimiz işğalçı Ermənistanın silahlı birləşmələrini Dağlıq Qarabağdan və zəbt edilmiş digər ərazilərdən çıxarmaq iqtidarındadır. Lakin Azərbaycan humanizm prinsiplərini əsas tutaraq münaqişənin qan tökülmədən həll edilməsini istəyir. 
   Türkiyə Milli Müdafiə Nazirinin müavini Şuay Alpay Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi. Bildirdi ki, ölkələrimizin münasibətləri dostluq, qardaşlıq amili əsasında qurulub: “Yuxarı Qarabağ münaqişəsi hər birimizin ürəyində bir yaradır. Ürəyimizdən keçən arzu və istək bu işğala və azərbaycanlı qardaşlarımızın zülmünə, sıxıntılarına son qoyulmasıdır. Azərbaycan öz haqq işini nəyin bahasına olursa-olsun həll edəcək. Türkiyə bütün sahələrdə olduğu kimi müdafiə məsələlərində də bundan sonra da Azərbaycana hərtərəfli dəstəyini davam etdirəcək”. 
   Nazir müavini əslən azərbaycanlı, Xalq Cümhuriyyətinin fədakarlarından olmuş babası Mehmet (Məmməd) Qasım bəydən də bəhs etdi: “1920-ci ildə sovet Rusiyası işğalına qarşı Gəncədə üsyan olub və onun qəhrəmanlarından biri də mənim babamdır. Sonra babam məcburən Gəncədən çıxır, əvvəl İrana, sonra Türkiyəyə gəlir. Mən onun həyat hekayələrini dinləyə-dinləyə böyüdüm. İllər sonra Azərbaycana, Gəncəyə getmək mənə də nəsib oldu”.
   Çıxışlardan sonra Azərbaycan Silahlı Qüvvəllərinin şərəfinə hazırlanmış tort kəsildi. Sonra tədbir bayram konserti ilə davam etdirildi.
   
   Mehparə Sultanova
   Ankara