Bu il Xalq rəssamı Rasim Babayevin (1927-2007) dünyaya gəlməsinin 90 illiyi, dünyadan köçməsinin 10-cu ildönümüdür. Bəzən deyirlər ki, Tanrı sevib-seçdiyi bəndələrinə daha işıqlı zəka verir və o da vaxtında bu imkan və istedaddan səmərəli istifadə etdikdə xalqına daha böyük faydalar verə bilir. Belə ziyalılarımız, dühalarımız çoxdur. Azərbaycan incəsənətinə bir naxış vuraraq öz töhfəsini vermiş sənət adamlarından biri də Rasim Babayevdir. 
   Rasim Hənifə oğlu Babayev 1927-ci ildə Bakıda dünyaya göz açıb. İlk ixtisas təhsilini Ə.Əzimzadə adına Azərbaycan Rəssamlıq Texnikumunda (1945-1949), ali təhsilini isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda (1949-1956) alıb. R.Babayev 1964-cü ildə respublikanın Əməkdar rəssamı, 1989-cu ildə Xalq rəssamı fəxri adlarına layiq görülüb. Dəfələrlə xaricdə yaradıcılıq ezamiyyətlərində olub, rəssamın müxtəlif ölkələrə həsr olunmuş əsərlərindən ibarət sərgiləri təşkil edilib. Yaratdığı sənət nümunələri bir çox ölkələrdə muzey, qalereya və şəxsi kolleksiyalarda saxlanılır. 
   Rasim Babayev sənətin bədii-texniki sirlərinə yiyələnmiş mahir rəssam olaraq, həmişə ali sənət amallarına sadiqlik nümayiş etdirib, bədii təxəyyülünün diktəsi və ülvi hisslərlə əsrarəngiz, düşündürücü əsərlər yaradıb. Onun rəngkarlıq əsərləri rəngarəng hadisələr lövhəsində davam edən tamaşanı xatırladır. Rəssamın öz paralel dünyasındakı həyatı dərketmə prosesi bizim real həyat dərkimizdən daha həyati və daha canlıdır. Burada hər cür rəng çalarları mövcuddur. Əsərlərində işığın və qaranlığın əlaqəsi çox təbii görünür. Qara rəng Rasim Babayev yaradıcılığında faciə təcəssümü deyil, əksinə, zamanın düzümünü əks etdirir. Zamanın düzümü deyərkən onu da qeyd etmək yerinə düşər ki, rəssamın yaradıcılığında bir çox mövzular yer alır. Xalq yaradıcılığı, Qobustan qayaları, xalça ornamentləri, miflər və s. sənətkarın milli kökə, tariximizə özünəməxsus baxışlarının rənglərdə təcəssümüdür. 
   Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev rəssam haqqında yazdığı məqalədə qeyd edir ki, doğma torpağa sıx bağlı olan rəssam, yurdun insana qürurverici hisslər bəxş edən motivləri ilə yanaşı, onun təzadlı yaşantılarına sevgisini və gördüklərinə biganə qalmadığını müxtəlif tutumlu əsərlərində sərgiləyə bilmişdir. Bu mənada o, “Novruz” və “Yüklü dəvə” əsərlərində xalqının qədim adət-ənənələrindən nə qədər fəxarət hissi keçirdiyini göstərə bilibsə, “Ordu”, “Qatil”, “Müharibə”, “Faciə” və s. əsərlərində müstəqil fikrə ağalığı xoşlayan kommunist rejiminin doğurduğu təzadlı hissləri tamaşaçılarla bölüşüb, düşüncələrini ictimailəşdirib. Əslində, zahirən tamaşaçını nağıl və əfsanələr dünyasına, mifoloji bir aləmə apardığı güman edilən bu qəribə, bir çox hallarda qorxunc görünən obrazlar məcmusu rəssamın süni patetikaya üstünlük verən rejimə yaradıcı insanın etirazıdır, desək, həqiqəti söyləmiş olarıq. Əlavə edək ki, rəssamın fikrini mifoloji və simvolik obrazlara ifadəyə üstünlük verdiyi əsərlərin sayı zamanın axarında daha da artıb. Qara Yanvar və Qarabağ hadisələrinə bilavasitə şahidlik edən Rasim Babayev “Bəla”, “Gecə”, “Təəccüblənmiş div”, “Şərəf lövhəsi” və s. əsərlərində daşnak törəmələrinə havadarlıq edən maskalanmış kommunist rejiminə çox təsirli və fikir paralayıcı “bədii güzgü” tuta bilib. 
   Baxmayaraq ki, sovet zamanında rəssamın yaradıcılıq nümunələrinin bir hissəsi qəbul edilməyib, bu, sənətkarı qətiyyən ruhdan salmayıb, o daha əzmlə milli ənənəvi mövzulu əsərlər yaradıb. Onun təqdim etdiyi lövhələrdə həyat tam açıqlığı ilə tərənnüm edilir. Bəzən rəssamların pərdə salmaq istədiyi mövzularda belə o bu pərdəni atmağı, yalan maskasını açmağı bacarıb. Bəzən belə əsərlərin adlarına nəzər yetirdikdə sadalanan sirri duymaq mümkündür. Rasim Babayevin əsərləri bədii-fəlsəfi mahiyyətli olduğu qədər milli-mənəvi, ideya-sosioloji cəhətləri baxımından da dəyərlidir. Onun yaradıcılığı xalqımızın minilliklərlə formalaşan, zahirdə unudulsa belə, xalqımızın qəlbində daima yaşayan və yaradıcı insanların əsərlərində sənətin xüsusi bədii dili ilə gələcək nəsillərə ötürülən əlvan bədii çalarlarla zəngindir. Sənətkarın dəzgah qrafikasında yaratdığı nümunələrə misal olaraq “Neft çənləri” (1958), “Neftin doldurulması” (1958), “Qız” (1958), “Qara şəhər” (1958), “Daşkəsən yollarında” (1961), “Fəhlənin portreti” (1962), “Almaniyada” (1963), “Qobustan” (1964), “Xınalıq” (1964), “Dəvələr” (1966), “Hamamlar” (1969), “Qaçaq Nəbi” (1969), “Köhnə Bakı” (1970), “Narlar” (1970), “Kənd” (1970), “Qədim qəbiristanlıq” (1970) və başqa əsərlərini göstərmək olar.
   Əsərlərində xeyir və şər qüvvələrin, divlərin, iblislərin niyə çoxluq təşkil etdiyini rəssamdan soruşanda deyərmiş ki, bu obrazlar onun xəyalının məhsulu deyil, bütün bunları uşaq vaxtı o, öz gözləri ilə görüb: “Elə ki xəstələnərdim, hərarətim qalxardı, divlər o dəqiqə başımın üstünü kəsdirərdi. Divlərin səsindən gah əsməcəyə düşər, gah da şirin bir sakitliyə aparardılar məni. Onlar mənim uşaq aləmimin sənətdə nümunəsidir”. Bütün bu divlər, iblislər ilk baxışda bizdə qorxu yaratsa da, heyrət doğurmağı daha çox bacarırlar və bizə keçmişdə qalan gerçəklikdən xəbər verirlər. 
   Rəssamın dünyagörüşünün formalaşmasında və yaradıcılıq dünyasının püxtələşməsində təbii ki, Azərbaycan folklorunun - nağıl və dastanlarımızın, onların dərin fəlsəfi mahiyyətinin, milli-mənəvi dəyərlərin və milli etnoqrafik xüsusiyyətlərimizin böyük təsiri olub. Təmiz pak sevgi və sənətkarlıq - məhz bu səbəblərdən rəssamın əsərləri tamaşaçısının qəlbinə yol tapır. Onun bu sevgi və sənətkarlığında yaranan əsərlər insanları daim düşündürən və yəqin ki, gələcəkdə də düşündürəcək bəşəri mövzulardır. Onun əsərləri orijinal sənət inciləri olmaqla bərabər yaşadığı məkana, zamana münasibətinin də ifadəsidir. Rəssamın daha dərin və “sətiraltı” bədii ifadə qüvvəsinə və məna-məzmun yükünə malik olan dəzgah rəngkarlığı nümunələri geniş işıqlandırılmayıb. Onun rəngkarlıq əsərlərinə nümunə olaraq “Torpaq” (1963), “Sahil” (1965), “Yol” (1966), “Yaxın Şərq” (1967), “Ailə” (1971), “Səyyah” (1974), “Ordu” (1978), “Qapı” (1982), “Qadın” (1983), “Müharibə” (1983), “Novruz” (1983), “Qadın və div” (1986), “Faciə” (1987), “Adəm və Həvva” (1988), “Yüklü dəvə” (1992), “Bəla” (1997), “Gecə” (2003), “Divlər” (2004) və s. əsərlərini qeyd etmək olar. Rəssam “Torpaq” adlı əsərində maraqlı baxış nöqtəsi seçərək, kompozisiyanın mərkəzində baxımsızlıqdan cadar-cadar olmuş torpağın ah-naləsini, arxa planda isə nəhəng iri neft çənlərini təsvir etməklə, mövcud reallığı inandırıcı rəng çalarları ilə ustalıqla əks etdirib. O, sənaye mövzulu əsərində ekoloji problemi qabartmaqla tamaşaçıların diqqətini həmin məsələyə yönəltməyə çalışıb və məqsədinə uğurla nail ola bilib. 
   Rəssam kitab qrafikası sahəsində də uğurlu fəaliyyət göstərib, Azərbaycanın xalq nağıllarına və görkəmli yazıçıların əsərlərinə illüstrasiyalar çəkib. N.Hikmətin “Kəllə” (1958), T.Drayzerin “Dahi” (1958), R.Taqorun “Fəlakət” (1958), Y.V.Çəmənzəminlinin “Hekayələr” (1959), “Cırtdan” xalq nağılı (1960) və başqa ədəbi nümunələrə diqqəti cəlb edən, mövzunun məna və məzmun yükünün əyani qavranılmasına xidmət edən maraqlı illüstrasiyalar yaradıb. 
   Azərbaycan incəsənətində yaradıcılıq dühası ilə iz qoyan Rasim Babayev xalqımız və sənətsevərlər tərəfindən hər zaman ehtiramla yad ediləcək. 
   
   Səbinə Şıxəliyeva
   Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi