Azərbaycan Dillər Universitetində (ADU) yerləşən Bakı Amerika Mərkəzinin “Amerika guşələri” 2017-2020-ci illərdə regionların mərkəzi kitabxanalarında ictimai informasiya və fəaliyyət mərkəzləri kimi fəaliyyət göstərəcək.
ADU-dan bildirilib ki, həmçinin ictimaiyyət üçün ingilis dili klublarının sistemli şəkildə təşkili, Amerika mərkəzlərində maarifləndirmə məqsədilə geniş ictimaiyyət üçün mədəni proqramların keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı, Bakı Amerika Mərkəzində və başqa yerlərdə keçirilən təhsil və iş yarmarkaları haqqında məlumat veriləcək, ingilis dili müəllimləri üçün internet vasitəsilə ABŞ-da distant seminarlar keçiriləcək, eləcə də müxtəlif proqramlar çərçivəsində ABŞ-da təhsil almış və təcrübə keçmiş məzunlar maarifləndiriləcək.
Xatırladaq ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə ABŞ-ın ölkəmizdəki səfirliyi arasında “Amerika guşələri” proqramı çərçivəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb və artıq bir neçə regiondakı kitabxanada belə guşə yaradılıb.