AMEA Folklor İnstitutu və Zaqatala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyulun 5-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində “Ölkəmizdə milli və dini həmrəylik” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan edildiyini, bununla əlaqədar Zaqatalada da silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, rayonda qədimdən müxtəlif xalqların nümayəndələri, ayrı-ayrı dini dəyər daşıyıcıları mehribanlıq şəraitində yaşayırlar. Zaqatala əhalisinin təxminən üçdəbirini avar, saxur və digər azsaylı xalqların nümayəndələri təşkil edir. Bu xalqların nümayəndələri Azərbaycanı həmişə öz doğma vətənləri hesab edirlər.
AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov bildirib ki, multikulturalizm, tolerantlıq və islam həmrəyliyi Azərbaycan xalqının mədəniyyətində, bir-birinə və digər xalqlara münasibətində əsrlər boyu davam edib. Azərbaycana gələn qonaqlar Zaqatala rayonunun timsalında multikulturalizm və tolerantlıq nümunələrini əyani şəkildə görürlər. Zaqatalada yaşayan xalqların bir yerdə yaratdıqları mədəniyyət çox zəngindir. Bu mədəniyyət milli və dini baxımdan müxtəlif olsa da, eyni zamanda, bütövdür.
Konfransda Prezident yanında Bilik Fondunun Zaqatala rayon nümayəndəsi Kəmalə Əhmədova “Tolerantlıq və multikulturalizm ölkəmizdə həyat və düşüncə tərzidir”, Folklor İnstitutunun əməkdaşları - filologiya üzrə fəlsəfə doktorları Mətanət Yaqubqızı “Azərbaycan folklorunda tolerantlıq və multikulturalizm”, Zümrüd İbrahimqızı “Zaqatala folklor mühiti”, Atəş Əhmədli “Zaqatala son 5 ildə: folklorşünasın qeydləri”, Əməkdar müəllim Zümrüd Ağakişiyeva “Aşıq Valeh Zaqatala aşıq mühitinin görkəmli nümayəndəsi kimi” mövzularda məruzələr ediblər.
S.Qaliboğlu