Tbilisidə Gürcüstan Xalq və Dekorativ-Tətbiqi Sənət Muzeyinin təşkilatçılığı, Gürcüstan Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, Azərbaycan Xalça Muzeyi, İCOM Azərbaycan və İCOM Gürcüstan Milli komitələri və “HALI” jurnalının birgə əməkdaşlığı çərçivəsində Beynəlxalq xalça festivalı keçirilib.
28 iyun - 2 iyul tarixlərində gerçəkləşən festival çərçivəsində “Azərbaycan Xalça Muzeyinin kolleksiyasından xalça məmulatları” sərgisi də təqdim olunub. Sərginin kuratoru Azərbaycan Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikovadır. Sərgidə 24 ədəd XIX-XX əsrlərə aid xalça məmulatı nümayiş olunub.
Açılış mərasimində Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova, İCOM Gürcüstan Milli Komitəsinin sərdi İnga Karaia, Gürcüstan Xalq və Dekorativ-Tətbiqi Sənət Muzeyinin direktoru İrina Koşoridze çıxış ediblər.
Gürcüstan Xalq və Dekorativ-Tətbiqi Sənət Muzeyində “Azərbaycan Xalça Muzeyinin kolleksiyasından xalça məmulatları” sərgisi iyulun 28-dək davam edəcək.