İyulun 5-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin klassik musiqi həvəskarları klubunda tarixçi Fuad Axundovla görüş təşkil olunub.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova iştirakçıları salamlayaraq görüşün əhəmiyyətindən danışıb. Qeyd edib k, bu görüş muzeydə “Köhnə Bakının noktürnləri” silsiləsindən ilk tədbirdir. Sonra mövzuya uyğun hazırlanmış slayd-şou nümayiş olunub.
Fuad Axundov görüş iştirakçılarına Bakının zəngin tarixi və müasir inkişafı barədə geniş məlumat verib. Bildirilib ki, Bakı qədimliyinə, ərazinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biridir. Bakı şəhərində və Abşeron yarımadasında insanlar çox qədim zamanlardan məskunlaşıb və burada yaşayış məntəqələri yaratmışlar. Buna səbəb ərazinin şimaldan-cənuba, qərbdən-şərqə gedən miqrasiya və ticarət yollarının kəsişməsində yerləşməsi, iqlim şəraiti və zəngin enerji mənbələrinə malik olmasıdır. Bakı XII əsrdə Şirvanşahlar dövlətinin, XVI əsrdə Səfəvilər dövlətinin, XVII əsrdə Osmanlı imperiyasının, XVIII əsrdə isə Bakı xanlığının əsas şəhərlərindən biri olub.
Tədqiqatçı XX əsrdə Bakının mədəni ənənələri, ilk azərbaycanlı qadın pianoçulardan Xədicə Qayıbova, ilk professional Azərbaycan qadın müğənnisi Şövkət Məmmədova haqqında maraqlı faktları diqqətə çatdırıb, Bakının görkəmli şəxsiyyətlərindən bəhs edib, tədbir iştirakçılarının suallarını ətraflı cavablandırıb.
Tədbirdə Maqsud Musazadənin ifasında K.Çerninin noktürnü səslənib.