Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları olan abidə mühafizəçiləri üçün “Tarixi abidələr bu gün və sabah: mühafizə problemləri” mövzusunda səyyar seminar-treninq keçirilir.
İyulun 4-də başlanan seminar-treninqə Masallı regional mərkəz olmaqla Yardımlı, Cəlilabad rayonlarından dinləyicilər qatılıb. Tədbirin açılışında mərkəzin direktoru, fəlsəfə doktoru Ramazan Şabanov çıxış edib. Tədbirdə Masallı Mədəniyyət mərkəzinin direktoru Vəkil İsmayılov, Masallı Tarix-diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva iştirak edib.
İyulun 8-dək davam edəcək seminar-treninqdə qeyd olunan rayonlar üzrə 28 abidə mühafizəçisi iştirak edir. Treninqin mövzuları “Mədəniyyət haqqında” qanunundan irəli gələn məsələləri əhatə edir, yerlərdə maddi və qeyri-maddi mədəni irsin qorunması və bərpası, turizmin inkişafı məsələlərinə həsr olunub.
Treninqi mərkəzin əməkdaşı Arif Əliyev, Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşı İqbal Aslanlı, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları İdris Əliyev, Xəqani Alməmmədov və digər mütəxəssislər aparırlar.