Azərbaycan dilçiliyinin məşhur isimlərindən, “əzəl mübtəda”larından, xalqın gözəl mədəniyyət nümayəndələrindən biri 
   
   Bu alimin yaradıcılıq irsi haqda çox danışmağa ehtiyac yoxdur. Bu gün onun “əsl fədakar” təyinatı ilə ifadə olunan tərcümeyi-halını, elmi-metodoloji, poetik-estetik mizan-düzənli mühazirələrini xatırlayanlar da kifayət qədərdir. Və yəqin ki, onların arasında, o dövrün belə bir deyimini də yad edənlər var: “Lalın dilini anası, dilin dilini Dəmirçizadə bilər”...
   Sovetlər dönəmində görkəmli dilçilərimizin köklü-köməcli tədqiq-təhqiqatları sayəsində (bir az da “ikinci ana dilimiz”in acığına!) Azərbaycan dilçiliyinin elmin digər sahələrinə nisbətən daha mükəmməl inkişaf səviyyəsinə yetməsi faktı az-çox milli-vətəndaş duyğusu olan hər kəsə bəllidir. Bu qəbil səviyyə-düşüncədə olanlar, təbii ki, dilin dövlət və dövlətçiliyin əsas atributlarından biri olduğunun da fərqinə varmamış deyillər və belədə bu yazı qəhrəmanımızın qədir-qiyməti bəlli...
   Bu an nədənsə, nitqimizdə tez-tez işlənən “dil pəhləvanı” ifadəsi ilə yazı-pozularda vaxtaşırı rastlaşdığımız “yazı qəhrəmanı” təyini söz birləşmələrini xatırladım. Ardınca da, “şəxsi” lüğət fondumdakı sözləri bir xeyli “çak-çuk” edib, zaman-zaman bütün filologiya fakültələri tələbələrinin bir-birilə “cıq-cuq”, “acaq-əcək, yacaq-yəcək” zarafatlaşmalarını xatırladım və sovet Azərbaycanı dilçiliyimizin pəhləvanı hesab etdiyim bu alimin həyat və yaradıcılıq tərcümeyi-halını belə bir yarımbaşlıq altında verməyi qərarlaşdırdım -
   
   Dilçilik azmanı
   
   1909-cu il iyulun 8-də Şəkidə anadan olmuş Ə.Dəmirçizadənin dilçiliyə meyllənməsində (mənə elə gəlir ki,) orada təhsil aldığı məktəblərin adları da az rol oynamayıb; əvvəlcə “Həqiqətül-maarif”, sonra “Şəki nümunə zəhmət” məktəbləri. Şəki Müəllimlər Seminariyasını bitirdikdən sonra (1925) şəhər məktəbində müəllim kimi əmək fəaliyyətinə başlamaqla yanaşı, bədii yaradıcılığa da böyük həvəs göstərən Ə.Dəmirçizadə “Yeni məktəb” məcmuəsində məqalə, şeir, hekayə və oçerklərlə çıxış edir. Ancaq elmi iş onun maraq dairəsinin nüvəsi imiş deyə, 1929-cu ildə Bakıya gəlib, ADU-nun Pedaqoji fakültəsinə daxil olur. 
   Sonralar qələmə aldığı yazılarından, müsahibələrindən də bəlli olduğu kimi, paytaxt mühiti, B.Çobanzadə, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli, A.Şaiq kimi görkəmli simalarla yaxın tanışlıq, müəllim-tələbə münasibətləri onun psixolojisində böyük təbəddülat yaradır. 
   Universiteti bitirdikdən sonra Şəkiyə qayıdıb, böyük həvəslə müəllimlik edən gənc elmi yaradıcılıq eşqilə yenidən (1933) Bakıya dönüb, APİ-nin aspiranturasına daxil olur. 1936-cı ildə “Türk dili”, iki il sonra “Azərbaycan ədəbi dili tarixinin xülasələri” kitablarını çap etdirir. Dövrün məşhur alimləri (Y.E.Bertels, S.E.Malov, İ.K.Dmitriyev) bu gəncin ikinci kitabını namizədlik dissertasiyası kimi müdafiəyə layiq olduğunu bildirirlər və o, 31 yaşında filologiya elmləri namizədi olur. Elə həmin çağlardan həmkarları arasında “gənc qoca” çağırılan Əbdüləzəl dil tarixi sahəsində elmi təhqiqatlarını davam etdirərək 1944-cü ildə “Azərbaycan dilinin tarixi (qədim dövr)” adlı əsərini müdafiə edib elmlər doktoru, bir il sonra professor adına layiq görülür, 1955-ci ildə Elmlər Akademiyasının müxbir üzvü seçilir.
   İyirmidən çox kitabı, 200-dən artıq elmi və elmi-metodik məqaləsi ilə daha çox, Azərbaycan dilçiliyinin işlənilməmiş sahələrini (fonetika, orfoepiya, etimologiya, üslubiyyat, dil tarixi və s.) araşdırmış alimin “Azərbaycan dili tarixi xülasələri”, “M.F.Axundov dil haqqında və Axundovun dili”, “Azərbaycan dilinin tarixi”, “Azərbaycan ədəbi dilinin inkişaf yolları”, “Kitabi-Dədə Qorqud” dastanının dili”, “Azərbaycan dilinin tarixi qrammatikası” və ölümündən sonra çap olunmuş “Azərbaycan ədəbi dilinin tarixi (II hissə)” kitabları yalnız Azərbaycan dilçiliyini deyil, türk aləmi xəzinəsini də zənginləşdirən nümunələr hesab edilir.
   Etimoloji tədqiqatlar sahəsində də araşdırmalarını ümumiləşdirərək 1962-ci ildə “50 söz” adlı orijinal kitab nəşr etdirmiş Ə.Dəmirçizadə 50-dən çox elmlər namizədi və doktorunun elmi rəhbəri olmaqla, bu sahə kadrlarının hazırlanmasında diqqətəlayiq fəaliyyət göstərmişdir.
   Vurğulayaq ki, “Ə.Dəmirçizadə nailiyyətləri”nin fövqündə duran bir əsər kimi qiymətləndirilən “Müasir Azərbaycan dilinin fonetikası” kitabı dilçiliyimizin qızıl fonduna daxil edilib. Dilçi mütəxəssislər arasında bu əsərin bölmələrini “Böyük məntiq zəncirinin ayrılmaz həlqəcikləri” kimi qiymətləndirənlər olub. Onlar professorun “ifadə tərzinin çətinliyindən” danışanlara cavab olaraq qeyd edirlər ki, bu, əslində, mühakimə və təfəkkür zənginliyidir. Onun “Azərbaycan dili orfoepiyasının əsasları” kitabından günü bu gün də orfoepik normalar haqqında kifayət qədər məlumat almaq mümkündür. Bütün yaradıcılığı boyu dilimizin lüğət tərkibinin sağlam yolla inkişafı və zənginləşməsi istiqamətində imkan və bacarığını əsirgəməmiş Ə.Dəmirçizadənin bu sahəyə qayğısı tək elə elmi-nəzəri məqalə və kitabları ilə məhdudlaşmır. Əbdüləzəl müəllim geniş auditoriyalarda da, yığcam fərdi söhbətlər zamanı da yersiz işlədilən əcnəbi sözlərə etirazını bildirmədən keçməz, biz “həştad” dedikcə, o bizi “səksən”ə çəkər, milli dilə münasibətdə cəmiyyətin, bizim quruluşun verdiyi imkanlardan səmərəli istifadəni təbliğ edərdi. 
   Bir vaxtlar dilimizin milli orijinallığının qorunub-saxlanmasında qrammatik quruluşun böyük rolunu xüsusi nəzərdən keçirərək, onu “dilin əsəb sistemi” kimi qiymətləndirən Ə.Dəmirçizadəni “xaotik dilçi” kimi “qiymət”ləndirənlər də olub. Lakin ötən zamanların məntiqi həmin “dillər”ə də bu alimin elmi münasibət və özgür mövqeyini etiraf etdirib. 
   ...Bu gün geninə-boluna işlətdiyimiz, dünya dilləri içərisində səlisliyinə, gözəlliyinə, zərifliyinə görə fəxarətləndiyimiz dilimizin bu “araya-ərsəyə” gəlməsində ayrıca xidmətləri olmuş professor Ə.Dəmirçizadə dünyaya göz yummazdan bir neçə gün əvvəl (1979), üzərində 40 ildən artıq yaradıcılıq işi apardığı monumental “Azərbaycan ədəbi dili tarixi” kitabını ortaya qoydu. Bu, ədəbi dilimizin həqiqi tarixini üzə çıxarmaq sahəsində ən qiymətli bir kitab kimi dəyərləndirildi, bütün türk xalqları, ümumən türkologiya üçün bir nümunə sayıldı...
   
   Tahir Abbaslı