Hindistanlı rəssam Cesfer Keralite fırçasını dişlərinin köməyi ilə idarə edərək Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Məktumun böyük və realist portretini yaradıb.
Uşaqlıqdan əzələ atrofiyasından əziyyət çəkən Cesfer son bir neçə ildir əlil arabasına məhkum olub. Əmirin portretini çəkmək üçün o, 500 saatdan çox qan-tər içində çalışıb. Rəssamın dediyinə görə, bəzən onun üzərində gündə iki-üç saat, bəzən bütün gün və ya bütün gecə işləyib.
Heç vaxt Birləşmiş Ərəb Əmirliklərində olmayan 31 yaşlı rəssam bu jesti ilə fiziki imkanları məhdud olan insanlara və paralimpiyaçılara göstərdiyi dəstəyə görə Dubayın əmirinə təşəkkürünü ifadə edib.
Bildirilir ki, portreti çəkməyə, ona hörmət və ehtiramını bildirməyə rəssamı əmirin bu ilin aprelində əlillərin yeni statusunu elan etməsi, onları “qətiyyətli insanlar” adlandırması faktı ruhlandırıb.