Qoqenin məşhur əsəri 90 milyon dollar “ucuzlaşıb”
   
   Fransız rəssamı Pol Qoqenin (1848-1903) “Toy nə zamandır?” adlı rəsm əsəri hərracda elan edildiyindən 90 milyon dollar ucuz satılaraq dünyada ən bahalı rəsm əsəri statusundan məhrum olub. 
   2015-ci ildə verilən məlumatlara əsasən, əsər Qətərin “Qatar Museums” təşkilatı tərəfindən alınıb. O vaxt bildirilmişdi ki, bu rəsm əsəri üçün 300 milyon dollar ödənilib.
   Londonun Ali Məhkəməsində bu məsələyə aydınlıq gətirilərək bildirilib ki, sövdələşmənin məbləği əslində 210 milyon dollar təşkil edib. Buna görə də “Toy nə zamandır?” dünyada ən bahalı rəsm əsəri adını daşıya bilməz. Əsərin əvvəlki sahibi “Sotheby's” hərrac evinin keçmiş əməkdaşı Rudolf Ştexelin olub.
   İsveçrəli hərrac mütəxəssisi Simon de Püri (bu sövdələşmədə iştirak edib) və onun həyat yoldaşı M.Ştexelinə qarşı iddia sürüblər. Onlar iddia edirlər ki, hərracçıya 10 milyon dollar komissiya ödənilməlidir. Tərəflər arasında komissiyaya dair yazılı müqavilə bağlanmayıb. Ştexelin isə öz növbəsində Pürini yalançılıqda ittiham edib.
   Bu qalmaqaldan sonra indiyədək hərracda ən bahalı qiymətə satılan rəsm əsəri statusunu Villem de Kuninqin (1904-1997) «Mübadilə» (1955) tablosu qazanıb. Verilən məlumatlara əsasən, bu əsər 300 milyon dollara satılıb.
   
   İlona