İyulun 11-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Bişkek şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının “Gənc diplomatların dördüncü təlim proqramı”nda mühazirə ilə çıxış edib.
   Mühazirə türk dünyası mədəni irsi, türkdilli xalqların ümumi ənənə və dəyərləri, türk dünyasının dahi şəxsiyyətləri, eləcə də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun üzv dövlətləri olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin UNESCO-nun irs siyahılarına daxil edilmiş nümunələri haqqında ətraflı məlumatı əhatə edib. G.Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihə və tədbirləri barədə də məlumat verib.
   G.Əfəndiyeva çıxışında Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində abidələrin, mədəniyyət və incəsənət nümunələrinin məhv edilməsini bütövlükdə türk dünyasına zərbə kimi qiymətləndirib. Bildirilib ki, Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə bu barədə kitab hazırlanır.