Mədəniyyət və turizm naziri İranın nümayəndə heyətini qəbul edib
   
   İyulun 10-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İran İslam Respublikası mədəniyyət və islam irşadı nazirinin mətbuat işləri üzrə müavini Hüseyn Entezaminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 
   Nazir qonaqları salamlayaraq iyul ayının 3-dən 8-dək İranda keçirilən Azərbaycan mədəniyyəti günlərinin təşkilindən razılığını ifadə etdi. Mədəniyyət günləri çərçivəsində keçirilən görüşləri xatırladan nazir bildirdi ki, qarşılıqlı tədbirlər, səfərlər iki ölkə arasında əməkdaşlığın inkişafına müsbət təsir göstərəcək. Vurğulandı ki, İranda təşkil olunan ölkəmizin mədəniyyət günləri Azərbaycan mətbuatında geniş işıqlandırılıb.
   Əbülfəs Qarayev həmçinin qeyd etdi ki, son dövrlər İran mətbuatında Azərbaycanla bağlı geniş məlumatlar yer alır: “Son günlərdə cəbhə bölgəsində işğalçı Ermənistan ordusunun mülki vətəndaşlarımızı qətlə yetirməsi ilə bağlı İran mətbuatının Azərbaycana dəstək olmasını yüksək dəyərləndiririk”.
   Azərbaycan ilə İranın zəngin keçmişə dayanan tarixi-mədəni bağlarının, ortaq dəyər və oxşar adət-ənənələrinin, irs nümunələrinin olduğunu vurğulayan Əbülfəs Qarayev Novruz bayramının, lavaş çörəkbişirmə ənənəsinin müştərək olaraq UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini diqqətə çatdırdı: “Ölkələrimiz arasındakı əməkdaşlıq əlaqələri dostluğun simvoludur. İki ölkənin prezidentləri son 4 ildə 7 dəfə görüşüblərsə, biz də bu münasibətlərə öz töhfəmizi verməli, əməkdaşlıq sahəsində daha səmərəli fəaliyyət göstərməliyik”.
   Daha sonra nazir İranda Azərbaycan mədəniyyəti günlərinin yüksək səviyyədə təşkilinə görə nümayəndə heyətinin rəhbərinə təşəkkür məktubu təqdim etdi. Əbülfəs Qarayev iki ölkə arasında mətbuat sahəsində bundan sonra da səmərəli fəaliyyətə ümidvar olduğunu vurğuladı.
   İran nümayəndə heyətinin rəhbəri Hüseyn Entezami səmimi qəbula görə təşəkkürünü bildirdi. O, dini və mədəni bağlılığı olan iki ölkənin mədəniyyət və turizm sahələrində bundan sonra da əməkdaşlığının vacibliyini qeyd etdi. Bildirildi ki, bu prosesdə iki ölkənin mətbuat nümayəndələri də yaxından iştirak etməli, qarşılıqlı media turları təşkil olunmalıdır.
   Səfərin məqsədinin İran və Azərbaycan mediası arasında əlaqələrin gücləndirilməsi olduğunu deyən qonaq mədəni diplomatiyanın ölkələr arasında xüsusi əhəmiyyətini vurğuladı.
   Görüş zamanı iki ölkə arasında mədəniyyət, turizm və mətbuat sahəsində əməkdaşlıq və digər məsələlər barədə fikir mübadiləsi aparıldı.
   
   Lalə