Şəkinin tarixi hissəsinin Dünya irsi siyahısına daxil edilməsi məsələsi müzakirə olunub
   
   Xəbər verdiyimiz kimi, Polşanın Krakov şəhərində UNESCO-nun Dünya İrs Komitəsinin 41-ci sessiyası davam edir. Komitə mühafizə olunan mədəni və təbii obyektlərin Dünya irsi siyahısına təqdim edilən nominasiyaları da nəzərdən keçirir.
   Azərbaycan tərəfindən “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” sözügedən siyahıya təqdim edilib. 
   İyulun 10-da ölkəmiz tərəfindən təqdim edilən nominasiya da müzakirə olunub. Nominasiyanın müzakirəsindən əvvəl komitə üzvlərinə Şəki şəhəri haqqında ətraflı məlumat verilib, onun tarixi hissəsinin qədim İpək Yolunun üzərində yerləşdiyi və Azərbaycan memarlıq sənətinin incilərindən biri olduğu bildirilib.
   Müzakirələr zamanı komitənin üzv ölkələri məşvərətçi qurum olan İCOMOS-un mövqeyi ilə razılaşmayaraq Şəkinin müvafiq meyarlar üzrə dünya irsi hesab olunmağa layiq olduğunu bildiriblər. Nəticə etibarilə UNESCO-nun Dünya İrs Komitəsi tərəfindən “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiya faylı ilə bağlı “referral” qərarı verilib. Bu isə o deməkdir ki, obyektiv olaraq abidənin müstəsna universal dəyəri komitə tərəfindən bu mərhələdə tanınır və mühafizə və digər məsələlərin həlli üçün Azərbaycan tərəfinə vaxt verilir.
   Qeyd edək ki, Azərbaycandan Qız qalası və Şirvanşahlar kompleksi ilə birgə İçərişəhər, habelə Qobustan Milli tarixi-bədii qoruğu UNESCO-nun Dünya irsi siyahısında yer alır.
   Dünya İrs Komitəsinin sessiyasında Türkiyənin daha bir tarixi-mədəni irs məkanı - Aydın vilayətinin Karacasu bölgəsindəki Afrodisias antik şəhər qalıqları UNESCO-nun Dünya irsi siyahısına daxil edilib. Hazırda Türkiyədən bu siyahıda 17 nümunə var.
   UNESCO-nun Dünya İrs Komitəsinin 41-ci sessiyası iyulun 12-də başa çatacaq.